06 dekabr 2023 17:17
359

Qərəzli mövqe ortaya qoyan ABŞ-a Azərbaycanda etimad ola bilməz - Kamran Bayramov

"Hər zaman Amerika Birləşmiş Ştatları, eləcə də, Avropanın bir sıra dairələri tərəfindən Azərbaycana münasibətdə qərəzli mövqeyi müşahidə edirik. Son zamanlar isə ABŞ Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıb. Bir qrup ermənipərəst Konqres üzvləri: (50 konqresmen və 10 senator) Nümayəndələr Palatasının spikeri Mayk Conson, həmin Palatada demokratik azlığın rəhbəri Hakim Cefris, Senatda demokratik çoxluğun lideri Çarlz Şumer və respublikaçı azlığın rəhbəri Mitç Makkonela məktub ünvanlayaraq “həssas” (vulnerable) “demokratiya” kimi təqdim edilən Ermənistana ABŞ-ın yardım göstərməsi ilə bağlı məktub ünvanlamışdır. Məktub müəllifləri ABŞ-Ermənistan təhlükəsizlik tərəfdaşlığının gücləndirilməsi və Azərbaycanın “təcavüzü” nəticəsində yaranmış humanitar çağırışların qarşılanması üçün Konqresdən xahiş edilmiş büdcəyə əlavə vəsaitin daxil edilməsinə “güclü” şəkildə dəstəklədiklərini qeyd edirlər."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün bir həqiqəti aydın şəkildə göstərdi ki,  beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Ölkəmiz  isə  “Amerika ədalətini” 30 il  gözləyib. Vaşinqton münaqişəni həll etməyə məsul olan paytaxtlar sırasında yer alsa da, işğalın davam etməsi, problemin həllini tapmaması üçün əlindən gələni etdi. Ümumiyyətlə, ABŞ, Fransa kimi Qərb dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı  reallıqları və  güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər.  Unutmayaq ki, ABŞ  30 ilə yaxın müddət ərzində keçmiş Qarabağ münaqişəsinin nizamlanması mandatına malik olan ATƏT-in Minsk qrupunda həmsədr  vəzifəsini daşıyırdı. Amma, bu, müddət ərzində sülhə nail olunması istiqamətində heç bir addım atılmadı. ABŞ bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. ABŞ-ın bu mövqeyi sülhə xidmət etmir. Əksinə, iki dövlət arasında olan bütün körpüləri yandırır. 

Deputat qeyd edib ki, Qafqazda 30 illik işğala faktiki olaraq göz yuman, vasitəçi kimi münaqişənin həllinə töhfə verməyən və bunu heç arzulamayan Vaşinqton xarici siyasət idarəsi indi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün “qətiyyətli” dəstəkçisinə çevrilib. Məktubda həmçinin ermənipərəst qüvvələrin ölkəmizə qarşı istifadə etdiyi digər əsassız iddiaları da yer alır. Belə ki, sözügedən məktubda Azərbaycanın guya Ermənistanın ərazisinə qarşı “təcavüzünü davam etdirəcəyi” ilə bağlı narahatlıq ifadə edilir.Ölkəmizin Ermənistanın cənubuna “Qərbi Azərbaycan” kimi istinad etdiyi, habelə, Azərbaycanla sərhəddə yerləşən və “erməni” mənşəli kimi təqdim edilən səkkiz kəndin azad edilməsinə çağırış edildiyi qeyd edilir. Qərb “demokratiyaları” ilə yaxın münasibətlər üçün Ermənistanın özünü Rusiyadan uzaqlaşdırdığı da məktubda iddia edilir. Məktubda inam ifadə edilir ki, Rusiyadan uzaqlaşdığı üçün Ermənistanın təhlükəsizliyinin təhlükəyə məruz qalmaması üçün ABŞ vacib rol oynaya bilər. Bu kontekstdə Azərbaycanı “təcavüzdən” çəkindirmək və Ermənistanı öz “demokratiyasını” qorumaq üçün ABŞ-nin liderliyinə ehtiyac yarandığı vurğulanır.
K.Bayramov əlavə edib ki, vasitəçilik missiyasını yerinə yetirən bəzi dünya gücləri 27 il münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmadılar. Sonadək belə bir yanlış mövqe nümayiş etdirdilər ki, sanki işğalçının adı ilə çağırılması münaqişənin həllinə mane ola bilər. Ermənistana demokratiyaya dəstək adı altında göstərilən maddi və mənəvi dəstəklər, işğalçı dövlətin silahlandırılması və sair kimi addımlar tarixi Zəfərimizdən sonra da davam etdirilir. Belə ki, sözügedən məktubda ABŞ Konqresindən xahiş edilmiş əlavə büdcədən Ermənistan üçün 10 milyon ABŞ dolları “Xarici Hərbi Maliyyələşmə” (Foreign Military Financing) proqramı üçün vəsait istənilir. Həmçinin ümid ifadə edilir ki, əlavə büdcədə humanitar yardım məqsədi üçün nəzərdə tutulmuş vəsaitdən Ermənistana gəlmiş 120 min “qaçqın” üçün müəyyən məbləğ ayrılacaq. 

Deputat qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq. Hazırda Azərbaycanın nə ABŞ, nə də bəzi Qərb dövlətləri qarşısında heç bir öhdəliyi yoxdur. Ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dünyada heç bir güc Azərbaycanla zorla, hədə-qorxu ilə, təzyiq dili ilə danışa bilməz. Çünki Azərbaycan haqlıdır. Azərbaycan öz ərazilərini, dünya birliyi tərəfindən tanınmış ərazilərini işğalçı Ermənistandan azad edib və bu gün dinc quruculuq işləri aparır. Ona görə də belə qərəzli mövqe ortaya qoyan ABŞ-a Azərbaycanda etimad ola bilməz. İctimai rəy Amerikanın əleyhinədir.