05 dekabr 2023 19:17
123

Dastana dönən tarix

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular.

Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi.

Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin və vətənpərvərlik hissinin də əyani təsdiqidir.

Aytac Axundova,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü