05 dekabr 2023 23:26
228

Söz azadlığının düşməni – Fransa!

AZƏRTAC-ın jurnalistinin Yeni Kaledoniyadan əsassız deportasiyası ağzı köpüklənə-köpüklənə demokratiyadan dəm vuran Makron hakimiyyətinin ali dəyər və prinsiplərə məhəl qoymamasının təsdiqidir

Bu ölkənin başbilənlərinin gizlətməyə çalışdıqları sifətlərindən biri də faş oldu. Guya Avropanın mədəni ölkələrindən biri kimi sırıyan Fransa özü öz iyrənc sifətlərini bir-bir açmaqda davam edir. Əsarət altında saxladığı müstəmləkəsi Yeni Kaledoniyada at oynadan “firəng” hökuməti Ermənistan üzərindən Azərbaycana etdiyi təzyiqlərin boşa çıxarılmasına görə AZƏRTAC-ın buraya göndərilmiş əməkdaşı Aygün Həsənovanı “arzuolunmaz şəxs” qismində ölkədən çıxarmış və jurnalistin informasiya əldə etmək hüququnu məhdudlaşdırmışdır. Bu, heç də mədəni və sivil qaydada edilməmişdir. Xanım jurnalistin ölkədən çıxarılması “əməliyyatına” yerli polis qüvvəsi göndərilmiş, onlar insanlıqdan kənar hərəkətlərlə davranmışlar. Şengen vizası olmasına baxmayaraq polislər Aygün Həsənovaya kobudluq göstərmiş, nalayiq ifadələr işlətmiş və əsassız tələblər irəli sürmüşlər.

Yeni Kaledoniyada Fransa polisinin kobud və qanundankənar hərəkətləri qəbuledilməzdir. Polis bölməsinə aparılan Aygün Həsənova kobud rəftara məruz qoyulmuşdur. Orada jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması planlaşdırılıb. Bu səbəbə görə xanım jurnalist məcburi surətdə aeroporta gətirilmiş, təyyarəyə minənə qədər ona ciddi nəzarət edilmişdir.

Bu da ağzı köpüklənə-köpüklənə demokratiyadan, insan haqq və hüquqlarından dəm vuran müsyö Emmanuel Makronun demokratiyası! Baş vermiş belə rüsvayçı hadisə onu göstərir ki, Fransa demokratiyaya, söz və fikir azadlığına qarşıdır və onu boğmağa hər vaxt hazırdır.

Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. AZƏRTAC-ın jurnalistinin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlamasında qeyd edilir ki, Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür. Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti AZƏRTAC-ın əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta AZƏRTAC-ın əməkdaşını həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşa “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər. Bu hal jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranışın nümayişidir. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi.

Azərbaycan jurnalistləri və ictimaiyyəti Fransanın Azərbaycanın mətbuat nümayəndəsinə qarşı tətbiq edilən qeyri-insani rəftarı pisləyir, belə rəzil hərəkətin siyasi sifariş olduğunu bildirir. Klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışa beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq media qurumları susqun qalmamalıdırlar.

Ancaq belə hərəkətlərlə Azərbaycanı geri çəkilməyə məcbur etmək mümkün deyil. Əksinə, Azərbaycan ona təzyiq edənlərə layiqli cavabını verəcəkdir. Fransanın iddialı rəhbərliyi “kiçik bacısı” Ermənistanın aqibətindən özü üçün nəticə çıxarsa yaxşı olardı. Çünki haqq nazilsə də heç vaxt üzülməyib.

Vəli İlyasov, “İki sahil”