06 dekabr 2023 00:25
287

Şantaj və böhtan mexanizmi

“Freedom House” erməni lobbisindən aldığı vəsaitlər barədə nə vaxt hesabat verəcək?

Bildiyimiz kimi, "Freedom Hosue" adlı beynəlxalq hüquq-müdafiə təşkilatı artıq uzun müddətdir ki, Azərbaycanı qərəzli, şantajçı və böhtançı səviyyəsində hədəfə alaraq Qərbin, xüsusilə ABŞ-ın erməni lobbisi ilə əlbir olan dairələrinə xidmət göstərir. Söz yox ki, bu gün Azərbaycanın demokratik mühitinə, inkişaf və tərəqqisinə, iqtisadi uğurlarına, dünyanın siyasi arenasında özünəməxsus yer tutmasına, ali tribunalarda söz sahibinə çevrilməsinə qarşı qısqanclıqla yanaşan birinci tərəf Ermənistandır. O da sirr deyil ki, bu gün dünyanın bir çox ölkələrinə səpələnmilş ermənilər yaratdıqları güclü lobbiləri vasitəsilə Azərbaycana qarşı çoxsaylı cəbhələr açaraq, ölkəmizin demokratiya sahəsində və s. sahələrdə əldə etdiyi uğurları kölgədə qoymağa cəhdlər göstərirlər. Bu işlərdə erməni lobbisi ilə əməkdaşlıq edən bir çox beynəlxalq təşkilatlar siyasi korrupsiya və rüşvət amilindən yararlanaraq hazırkı məqamda da həmin çirkin fəaliyyətlərini davam etdirməkdədirlər. Ümumiyyətlə, "Freedom Hoouse"un da bu sıralamada ilk yerlərdən birini tutması hər kəsə məlumdur.

Xəbər verildiyi kimi, “Freedom House” 2023-cü il üzrə hesabatlarının ilkin variantlarını ictimailəşdirməyə başlayıb. “Qlobal demokratiya və azadlıqlar indeksi”, “İnternet azadlığı indeksi” və digər bu kimi hesabatlar artıq təşkilatın veb-səhifəsində yerləşdirilib. Ayrı-ayrı ölkələrin “azad”, “yarım-azad” və “qeyri-azad” kateqoriyalar üzrə təsnifatlaşdırıldığı bu hesabatlar hər il olduğun kimi, bu dəfə də ciddi etirazlara səbəb olub. İlk baxışdan görünür ki, təşkilatın apardığı “tədqiqatlar”, hazırladığı təhlillər elmi metodologiyalara deyil, siyasi konyukturaya əsaslanıb. “Freedom House” ABŞ-ın siyasi hədəflərinə uyğun davranışlarını davam etdirərək, Türkiyə başda olmaqla Türk Dövlətlər Təşkilatına üzv olan ölkələri də özünün qarayaxma kampaniyasına məruz qoyub.

Bu tendensiyanı isbatlayacaq nümunələr verməklə, vəziyyətə aydınlıq gətirək. Belə ki, Ermənistan “Qlobal demokratiya və azadlıqlar indeksi”, həmçinin “İnternet azadlığı indeksi” üzrə 2-ci kateqoriyada, yəni, yarım azad ölkələr sırasında yerləşdirilib. Türkiyə isə ondan geri pillədə - “azad olmayan” dövlətlər sırasında yer tutub. Türkiyəni Ermənistanla müqayisə etmək, Ermənistanı yüksək, Türkiyəni isə aşağı kateqoriyada göstərmək nümunəsi “Freedom House” tərəfindən hazırlanmış hesabatların gerçək məqsədini üzə çıxarır. Yeri gəlmişkən, qeyd edək ki, “Freedom House” tərəfindən hazırlanmış “İnternet azadlığı indeksi”ndə 100 ölkə arasında 39 ölkə qeyri-azad, 29 ölkə yarım-azad, 31 ölkə isə tam azad ölkə kimi göstərilib. ABŞ-ın maraqlarına rəqib olan dövlətlərin hamısı qruplaşdırılaraq, “39 qeyri-azad ölkə” kateqoriyasına yerləşdirilib.

2023-cü il hesabatının “özəl xüsusiyyəti” “Freedom House” tərəfindən etnik separatizmin dəstəklənməsidir. Məsələ burasındadır ki, 2023-cü il hesabatında “Dağlıq Qarabağ” Azərbaycandan ayrıca, əlahiddə qurum kimi qiymətləndirilib. Beləliklə, ABŞ-ın son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət “Freedom House” tərəfindən hazırlanan hesabatlarda da öz inikasını tapır. ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin “tənzimlənməsində” hansı maxinasiyaları tətbiq edirsə, “Freedom House” də “demokratik azadlıqlar indeksi”ndə eyni siyasəti təqib edir. “Dağlıq Qarabağ”ı əlahiddə subyekt kimi göstərməklə Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Ən acınacaqlısı odur ki, hesabatda “Dağlıq Qarabağ” təkcə ərazi baxımından deyil, həm də “demokratik azadlıqlar” konteksində Azərbaycandan qoparılır. Hesabatda Azərbaycan “qeyri-azad”, “Dağlıq Qarabağ” isə “yarım azad” ərazi kimi dəyərləndirilərək, Ermənistanla eyniləşdirilir.

“Freedom House”un Azərbaycanda insan haqları ilə bağlı məsələyə qərəzli yanaşdığı artıq çoxdan sübut olunub. Bu təşkilat hər zaman keçmiş Qarabağ münaqişəsinə münasibətdə də işğalçı dövlətin tərəfini tutub. Bütün dünya ölkələri, eləcə də BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul etdikləri halda “Freedom House”un mütəmadi olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini mübahisəli ərazilər şəklində göstərməsi, əslində, qurumun hansı qüvvələrin, maraq qruplarının əlində alətə çevrildiyindən xəbər verirdi. Bunlar isə, əlbəttə ki, sözügedən təşkilatın beynəlxalq hüquqa, demokratiya, insan hüquq və azadlıqları prinsiplərinə saymazyana münasibətinin göstəricisidir. Axı, Ermənistanda müxtəlif dövrlərdə baş verən hadisələr, mülki vətəndaşların gülləbaran edilməsi, yüzlərlə insanın siyasi əqidəsinə görə həbs olunması və bir çoxlarının hələ də həbsxanalarda saxlanması, söz və mətbuat azadlığının olmaması bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bu da heç kəsə sirr deyil ki, hər il çoxlu sayda insan siyasi mövqeyinə görə üzləşdiyi təzyiqlər səbəbindən Ermənistanı tərk etmək məcburiyyətində qalır.

Yaxşı olar ki, “Freedom House”un sədri Maykl Abramoviç erməni lobbisindən pul alması barədə hesabat versin və ermənipərəst ünsürlərin Azərbaycanı hədəfə almasına görə, bu dəfə nə qədər maliyyənin şəxsi bank hesabına ötürüldüyünü açıqlasın. Əgər bunu etsə, "Freedom House", bəlkə uzun illərə söykənən fəaliyyəti dövründə ilk dəfə demokratik addım atmış olar...

Sevinc Azadi, “İki sahil”