06 dekabr 2023 01:58
307

Dövlətimizin və ordumuzun qalibiyyət yürüşü - Zəfər paradı

Üç il bundan əvvəl-10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında keçirilən  Zəfər paradı hər birimizi qürurlandırdı, ürəyimizi fərəh hissi ilə doldurdu. Bu Zəfər paradı Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun, xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi, Vətən müharibəsindəki Zəfərimizin nümayişi idi. Bu, 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətini özündə təzahür etdirirdi. Zəfər paradı təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına, İslam aləminə əvəzolunmaz  hisslər yaşatdı.

Zəfər paradına hazırlıqla bağlı Ali Baş Komandan, dövlətimizin başçısı İlham Əliyevin dediyi bu sözlər möhtəşəm tədbirin Azərbaycanın çağdaş tarixindəki əhəmiyyətinə işıq salır: "Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra... müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır. Biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin... bu, Zəfər paradı idi. Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi".

Bəli, Zəfər paradı bir daha göstərdi ki, güclü, rəşadətli ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətinə, Vətən sevgisinə əsaslanır. Bu gün başdan-başa bütün Vətən torpaqlarında üçrəngli  Azərbaycan  bayrağı dalğalanır və bu da olduqca qürurvericidir. Zəfər paradı ləyaqət simvolu, müstəqilliyimizin əbədiliyinin nümayişi, həm də xalqımızın Vətən sevgisinin təntənəsi idi.

Zəfər paradında nümayiş etdirilən texnikalar dövlət başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsi idi. Bu paradda  hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Azadlıq meydanında, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu.

Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Təbii ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun maddi-texniki bazasını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun tikilməsi, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir.

Vətən müharibəsində döyüşlərdə iştirak etmiş hərbi hissələrin döyüş bayraqları möhtəşəm Qələbə paradının keçirildiyi Azadlıq meydanına gətirildi. Onların fövqündə isə Şuşa şəhərində qaldırılmış Zəfər Bayrağımız dururdu.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə qazandığımız bu möhtəşəm Zəfər hər birimizin qürur mənbəyinə çevrildi, hamını, hətta siyasi baxışları ilə fərqli mövqelərdə olan siyasi qüvvələri də birləşdirdi.

Paradda bizim qəhrəman əsgər və zabitlərimiz addımlayanda Ermənistanda daxili çaxnaşmalar baş verir, etiraz mitinqləri keçirilirdi. Erməni cəmiyyətindəki bu təlatümlər hələ də davam etməkdədir. Hadisələrin belə gedişatı onu göstərir ki, 44 günlük Vətən müharibəsindəki məğlubiyyət eyni zamanda, bu ilin sentyabrın 19-da başladılan və cəmi 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri Ermənistanın onilliklər boyunca həyata keçirdiyi təcavüzkar, şovinist siyasətin, erməni faşizminin süqutu oldu.

Xalqımızın yaddaşına əbədi həkk olunan Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün isə məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Bu, bir daha onu göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü  xalqına və dövlətinə sədaqətində, Vətənə sevgisindədir.

Paradda türk əsgərinin  Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mətin addımlaması, təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin, kəndlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilməsi qardaşlığımızın, birliyimizin ifadəsi, rəmzi oldu. Prezident İlham Əliyevin dediyi kimi, bu tarixi zəfər Türkiyə-Azərbaycan birliyinin təcəssümüdür.

Nigar Orucova, “İki sahil”