06 dekabr 2023 00:56
283

Bizim polislər, bizdən olmayan təxribatçılar

Künc zərbəsi

Radikal müxalifət ölkəmizdəki sabitlikdən niyə narahatdır?

Azərbaycanın istər sosial-iqtisadi sahədə əldə etdiyi uğurları, istərsə də Vətən müharibəsində qazandığı Qələbəni şərtləndirən ən mühüm amillərdən biri də ölkəmizdə kriminogen durumun nəzarətdə saxlanılması və sabitliyin mövcudluğudur. Bu sahədəki stabillik baxımından Azərbaycan təkcə regionda deyil, dünyada nümunə göstərilə biləcək dövlətlər sırasındadır. Təsadüfi deyil ki, ölkədəki sabitlik paytaxt Bakıya və regionlarımıza gələn qonaqları, turistləri yaxşı mənada təəccübləndirir. Axı indiki vaxtda hətta ABŞ və Avropanın meqapolislərində belə bizdəki kimi xüsusilə gecə saatlarındaküçə və meydanlarda rahat, təhlükəsiz dolaşmaq mümkün deyil. Bu sabitliyin təminatçıları, qanunların qoruyucuları olan polislərimizi şər və böhtandan, iftiralardan qorumaq da bizim, yəni, cəmiyyətimizin hər bir fərdinin borcudur. Azərbaycanda ötən əsrin doxsanıncı illərində olduğu kimi xaos, qarışıqlıq, qanunlara qarşı hörmətsizlik və itaətsizlik arzulayan təxribatçılar isə bizlərdən deyil, ya düşmən, ya da satqındırlar.

Son günlər asayiş keşikçilərimizə qarşı “qara piar” kampaniyasına başlayan, polisin qanuni tələblərinə tabe olmayanlara qarşı gördüyü tədbirləri məqsədli şəkildə başqa cür təqdim etməyə çalışan başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifətin təmsilçiləri kimi. Açıq görünür ki, onlara bu qərəzli təbliğatı genişləndirmək, xalqla polis arasında ayrı-seçkilik salmaq sifarişi verilib. Məqsəd də aydındır: Öz eloktoratını, nüfuzunu tamamilə itirmiş, siyasi mübarizə vasitəsilə heç nəyə nail ola bilməyəcəyini yaxşı başa düşən, xalqın gözündən düşmüş bu xainlər nə yolla olursa-olsun Azərbaycanın imicini zədələməyə çalışırlar. Eynilə bir müddət əvvəl Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr zamanı olduğu kimi, bu dəfə də hədəf polislərimizdir. Əli kərimlilərin, tofiq yaqubluların, fuad qəhrəmanlıların gah əslində jurnalistikaya aidiyyəti olmayanları “jurnalist” kimi təqdim edərək guya polislərin onların “peşə fəaliyyətinə” maneə yaratdıqlarını bəyan etmələri, gah Qəbələdə baş vermiş adi hadisəni böyüdüb, şişirdib “milli faciə” səviyyəsinə qaldırmaları xoş niyyətdən qaynaqlanmır hər halda.

Əlbətdə, bütün sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyinin (DİN) çoxminlik şəxsi heyəti içərisində öz işinə vicdanla, peşəkarlıqla yanaşmayan əməkdaşlarının olması mümkündür və bu, tamamilə təbii haldır. Yeri gəlmişkən, belə neqativ hallar aşkar olunduqda nazirliyin rəhbərliyi tərəfindən dərhal lazımi ölçü götürülür, həmin əməkdaş qanunvericiliyə uyğun cəzalandırılır. Ancaq radikal müxalifətin “hədəfi” fərdi polis nəfərləri deyil. Onlar qanun keşikçilərimiz haqqında şər, böhtan dolu hədyanlar yaymaqla bütün bir güc strukturunu, bununla da dövlətimizi nüfuzdan salmağa çalışırlar. Çünki onlara belə tapşırıq verilib, onlar belə xain addımlar atmaları üçün maliyyələşdirilir.

Sifariş yerinə yetirən bu antimilli ünsürlər guya bilmirlər ki, onların ağalarının öz ölkələrində polis dinc nümayişçilərə necə qəddarlıqla divan tutur, rahatlıqla, öz keflərinə uyğun silahlarını çəkib xoşları gəlməyənləti güllələyir, insanları atların tapdağı altında əzirlər? Bəlkə ABŞ-da sırf qaradərili olduğu üçün polis tərəfindən qətlə yetirilən “demokratiya ölkəsi” vətəndaşlarından xəbərləri yoxdur? Ya Əli Kərimlinin və dəstəsinin dördəlli müdafiə etdikləri Fransada pensiya islahatlarına etiraz edən təqaüdçülərə qarşı polisin davranışlarını unutmuşuq?

Kimdir Azərbaycan polisi? Bəlkə haradansa kənardan gəliblər? Axı onlar bizim öz qardaşlarımız, öz övladlarımızdır. Hansımızınsa əmisi oğlu, dayısı oğlu, yaxın qohumudur. Onlar torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmış, neçəsi şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdır. Deməli, bu gün əli kərimlilərin, tofiq yaqubluların, fuad qəhrəmanlıların və digər belə ünsürlərin polislərimizə qarşı hər hansı qərəz, kin dolu fikirləri qardaşımıza, övladımıza, əmimiz oğluna, dayımız oğluna, dolayısı ilə bizə, hər birimizə və bütün xalqımıza qarşı yönəlib. Deməli, düşmən hamımızı hədəf almağa çalışır. Cavablarını da həmişə olduğu kimi, birlikdə verməliyik. Verəcəyik də...

Mahir Rəsuloğlu, “İki sahil”