06 dekabr 2023 02:36
325

Fransa “bacı”sını növbəti fəlakətə sürükləyir

Dünyanın bir sıra yerlərində neokolonializm siyasəti həyata  keçirən Fransa “bacı”sı Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək naminə yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaqdan ötrü dəridən-qabıqdan çıxmaqdadır. Belə ki, Avropa İttifaqının müşahidə missiyası altında Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi xüsusi missiyanın tərkibinin genişləndirilməsinə, ona əlavə yeni funksiyaların verilməsinə nail olan, öz təlim mərkəzlərində erməni əsgərlərinə təlimlər keçən və Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandıran  Fransa sözügedən ölkəyə bu yaxınlarda “Bastion” tipli 24 zirehli texnika, GM-200 radar sistemləri və “Mistral” zenit-raket komplekslərini göndərib. Şübhəsiz, demokratiyadan, haqdan-ədalətdən dəm vuran, “bacısının qeyrətini çəkən” Fransanın bunun ardınca digər silahları da təcavüzkar ölkəyə göndərəcəyi gözlənilirdi. Çünki bu addımına görə dünyanın heç bir superdövləti, həmçinin heç bir beynəlxalq təşkilat onu qınamamışdı. Görəsən, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, “Freedom House”, “Amnesty International” niyə Cənubi Qafqazda sülhə qənim kəsilən Fransanı qınamır? Şübhəsiz, bu fakt onların həm xristian təəssübkeşliyi niümayiş etdirmələrindən, həm də Azərbaycana qarşı qərəzli mövqe tutmalarından xəbər verir.

Bəli, indi də Fransa digər silahlarla yanaşı,  hücum silahlarını - “Sezar” artilleriya sistemlərini (AKS) Ermənistana tədarük etmək fikrinə düşüb. Daha doğrusu, Fransa Senatı hökumətə “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Bəri başdan bildirək ki, bu, Fransanın bundan əvvəl Ermənistana verdiyi "Bastion"dan daha ciddi silahdır. Mütəxəssislərin fikrincə, müxtəlif sursatlarla atış mənzili 40 km-ə qədər olan,  dəqiqədə 6-8 mərmi atma və 400-500 metrlik bir sahəni bağlamaq imkanına malik  “Sezar” müasir silah sistemlərindən biridir. Yəni, o, adi silahlardan deyil. Göründüyü kimi, burada məqsəd yalnız müdafiə deyil, həm də  savaşa hazırlıqdır.

Bu da sirr deyil ki, Ermənistanın sürətlə silahlandırılmasında Fransanın əsas məqsədi həm bölgədə yeni reallıqlar yaradan rəsmi Bakıya təzyiq etmək, həm İrəvanın Rusiyadan asılılığını miniumuma endirmək, həm də onu zəiflətməkdir. Yeri gəlmişkən qeyd edək ki, Fransa ABŞ-la birgə Ukraynada Rusiyanın zəifləmədiyini gördü, arzusu ürəyində qaldı və  elə bu səbəbdən Ermənistanı önə verdi. Bütün bunlar  regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Görünür, hər beynəlxalq tədbirdə ölkəmizə qarşı hədyanlar səsləndirən,  uğurlarımızı həzm edə bilməyən, ermənipərəstliyin pik nöqtəsində qərar tutan, regionu bitməz münaqişə məkanına çevirmək istəyən, Cənubi Qafaqazda söz sahibi olmaq uğrunda mübarizə aparan Fransa bu addımı ilə qlobal məqsədlərə köklənib. Amma Ermənistan unudur ki, bu gün onlara “dəstək” nümayiş etdirən, silahlandıran Fransa sonda onu meydanda tək qoyacaq. Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlətimizin başçısı İlham Əliyev demişdir: “Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”. Buradan bir daha belə nəticəyə gəlmək olar ki, Ermənistanın nicatı  onu təhlükələrə sürükləyən, oyuncağa çevirən Fransa kimi ölkələrdə deyil, Azərbaycanla əməkdaşlıq münasibətlərinin qurulmasındadır.

Şübhəsiz, bu, həm də Fransanın uğursuz xarici siyasətindən xəbər verir. Erməni jurnalist Lev Nikolyanın sözləri ilə desək, Fransanın xarici siyasəti tamamilə fəlakətdir. Hətta Fransanın İrəvandakı səfiri Ann Luyon rüşvətə görə Ermənistandan qovulub.  Elə bu kimi səbəblərdən avtoritar liderə çevrilən, Fransanın beynəlxalq aləmdə nüfuzu­nun və rolunun azaldan, fransızların nüfuzunu qazana bilməyən Emmanuel Makronun siyasəti  yerli əhalinin  67 faizi, o cümlədən, prezident fraksiyası­nın əsas potensial müttəfiqləri olan res­publikaçılar tərəfindən təqdir olunmur. Xalqımız isə  dünyada güclü siyasətçi, mahir diplomat kimi tanınan, hətta müxalifət tərəfindən dəstəklənən Prezident İlham Əliyevi sevir, ona inanır və güvənir. Elə onun sayəsində Azərbaycanın gücü, qüdrəti və nüfuzu gündən-günə artır. Bu güvənc də Makronun Ermənistanı silahlandırması missiyasını fiaskoya uğradacaq. Yeri gəlmişkən, məşhur Roma imperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəyərək yıxılanda demişdi: “Ah, Afrika, mən səni qucaqlayıram”. Görəsən, Makron  fiaskoya uğrayanda nə deyəcək? Yəqin ki, deyəcək: “Bacım, mən səni növbəti dəfə fəlakətə sürüklədim”.

Qvami Məhəbbətoğlu, “İki sahil”