03 dekabr 2023 15:40
96

8 Noyabr Zəfərimiz xalqla- iqtidar birliyinin təntənəsi idi

 2020-ci iliin sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan əsgəri erməni ordusunu tamamilə məhv edərək noyabr ayının 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi.

İkinci Qarabağ dövründə Azərbaycan xalqı sübut etdi ki, qısa zaman ərzində böyük işlər görmək olar. Azərbaycan əsgəri başqa millət və xalqlara nümunə olacaq dərəcədə vətənpərvərlik, döyüş bacarığı, əzm, qəhrəmanlıq nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarından mənəvi-psixoloji sarsıntı keçirən düşmən 2020-ci ilin noyabr ayının 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Qələbəyə gedən yol isə təkcə 44 günlük hərbi əməliyyatlardan deyil, son 17 ildə diplomatik sahədə uğurlarımız və ordu quruculuğu istiqamətində aparılan islahatlardan başlayır. Halbuki, beynəlxalq tribunalardan Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə torpaqlarımızın işğalı ilə barışmayacağımız, lazım gələrsə hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyimiz barədə mesajlar vermişdi.

İkinci Qarabağ savaşında da Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını siyasi və diplomatik cəbhələrdə layiqincə müdafiə etdi və təmin etdi. Qələbəmizi şərtləndirən əsas amllərdən biri də əsası keçən əsrdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi olan iqtisadi müstəqilliyimizdir. Vətən müharibəsi Azərbaycan xalqına bir millət kimi formalaşması, həmrəyliyinin ən pik nöqtəsinə çatması ilə yanaşı dost və düşmənini  tanıtdırdı. Münaqişənin ilk saatlarından öz mənəvi və siyasi dəstəyini əsrgəməyən qardaşTürkiyə sonadək  zaman Azərbaycan xalqının yanında oldu. İşğalçının kabusuna çevrilmiş hərbi uğurlarımız onun mənəvi-psixoloji cəhətdən də tam sarsılmasına gətirib çıxardı. Bu isə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibənin qələbə ilə bitməsi qarşıya yeni vəzifələrin icrası üçün geniş imkanlar açdı. Azərbaycan bölgənin tərəqqisi və sülhün davamlı inkişafı üçün regionun lider dövləti olduğunu müharibədən sonrakı dövrdə həyata keçirdiyi və planlaşdırdığı layihələrin icrası ilə sübut etməkdə davam edir. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı.

Şanlı 8 Noyabr tarixi ölkəmiz üçün müqəddəs bir səhifədir. Bu səhifəni tariximizə qızıl hərflərlə həkk edən Müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza borcluyuq. Zəfərimizə gedən yol qeyrətli və mətin xalqımızın dövlətimizlə ordumuzla sarsılmaz birliyindən başladı.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri