05 dekabr 2023 00:22
386

Ağ Evin «qara kölgəsi»

Dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərin, müharibələrin, dövlət çevrilişlərinin, vətəndaş müharibələrinin müəllifi və istiqamətvericisi Birləşmiş Ştatlardır

Erməni lobbisinin  himayədarı ABŞ-ın və Qərbin Cənubi Qafqaz siyasətində demokratiya anlayışı, insan hüquqlarının pozulması kimi bəşəri dəyərlər  ikili standartlarla  əvəzlənib.  Bütün istiqamətlərdə beynəlxalq  qanunları qüvvədən  salan güc, ədalətsizlik, dövlətlərin daxili işlərinə müdaxilə planetimizdə gərginliyi daha da artırır.  Siyasətçilərin,  dünya düzənini yenidən qurmaq istəyənlərin  «sos» xəbərdarlığı kimi səsləndirdikləri guya  «bir neçə dövlətin yox olacağı, parçalanacağı»  açıqlamaları həyəcan təbili kimi  hamını narahat edir.  Minlərlə insanın həyatına son qoyan, ölkələrin iqtisadiyyatını çökdürən, dövlətlərarası münasibətlərin yenidən tənzimləməsi zərurətini  labüd edən COVID-19  pandemiyasından sonra daha da gərginləşən  dünyamızda artan terrorlar, milli münaqişələrin , islamofobiya, ksenofobiya  kim dini radikalizm meyillərinin güclənməsi vəziyyəti  daha da gərginləşdirir.

30 il Ermənistanın işğalı atında qalan torpaqlarını  azad edən Azərbaycanın qalmaqallı dünyamızda müstəqilliyinin əbədiliyi naminə göstərdiyi qətiyyətdən, Silahlı Qüvvələrimizin rəşadətindən  narahat olan ermənipərəst  dairələr  yenə də ikili standartlar siyasətlərindən çəkinmirlər. Bu sahədə  həmişə olduğu kimi , yenə də « avanqard» rolunu davam etdirən  ABŞ-ın  və Qərbin ölkəmizə qarşı  qərəzli münasibətləri aktuallaşıb. Bütün ölkələrlə qarşılıqlı hörmət, əməkdaşlıq siyasətinə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqləyən  ölkəmiz  uğurlu diplomatik gedişləri, iqtisadi qüdrəti ilə subut edir ki,  heç bir kənar qüvvə , o cümlədən ABŞ və Qərb ölkələri Azərbaycanla təzyiq, təhdid dili ilə danışa bilməz. Dünyanın enerji və nəqliyyat xəritələrini yenidən quran Azərbaycanın razılığı  olmadan Cənubi Qafqaza  başqa  ölkələrin  müdaxiləsi mümkün deyil. Birmənalı şəkildə demək olar ki, Azərbaycan dünyada başqalarına nümunə göstəriləcək barmaqla sayılan güclü və qüdrətli dövlətlərdəndir. İkinci Qarabağ müharibəsində Ermənistan üzərindəki Qələbəmizi qəbul etməyən  daxili və xarici qüvvələr  bu uğurlarımıza kölgə salmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər.

Bu səbəbdən də varlığı bəlli olmayan Ermənistana siyasi, hərbi, maliyyə dəstəyi göstərmək,  Azərbaycanı təhdid halları intensivləşib. Fransa Prezidenti Emmanuel Makron, Amerika Birləşmiş Ştatları bu sahədə «liderliklərini»  Ermənistana siyasi, maliyyə dəstəklərini  açıq şəkildə davam etdirirməklə bildirirlər. 1992-ci ildə Ermənistanın  Azərbaycan torpaqlarını işğalını sürətləndirdiyi zaman separatçılara dəstək göstərən ABŞ-ın ədalətsizlik nümunəsi olan «Azadlığı Müdafiə Aktı»na 907-ci düzəlişin hələ də qüvvədə saxlaması bəd niyyətlərdən  qaynaqlanan rəzillikdir.

Başqa ölkələrə qarşı ziddiyyətli və qərəzli münasibəti ilə tanınan ABŞ ikili  standartlar siyasətini Dövlət Departamenti,  Konqresin Nümayəndələr Palatası vasitəsilə həyata keçirir. Sözdə beynəlxalq terrora dəstək görüntüsü yaradan ABŞ-ın maliyyələşdirdiyi ən qatı terror birləşmələrindən olan   PKK-nı, «ASALA»nı  «sanballı» təşkilat hesab edən Pentaqon yüz minlərlə dinc sakinin  qətliamında, törədilən qırğınlarda  məsuliyyət daşıyır.  Ağ Evin beynəlxalq terrorızmə qarşı mübarizə çağırışına ilk  qoşulan ölkə olmasına baxmayaraq bu gün də Azərbaycana qarşı qərəzli mövqeyini bildirən Birləşmiş Ştatlar  Qarabağdakı separatçılara «mina təmizləmə» adı altında ildə 10 milyon dollar vəsait ayırırdı. ABŞ-da separatçılara  dəstək məqsədilə təşkil olunan  yardım  kampaniyaları, artıq gorbagor olmuş  Qarabağdakı qeyri-qanuni rejimin bu ölkədə nümayəndəliyinin açılması,  Konqresin Nümayəndələr Palatasında «Dağlıq Qarabağın gələcəyi»” mövzusunda keçirilmiş dinləmələr ABŞ riyakarlığının,  Azərbaycana qarşı məkrli siyasətin nəticəsi idi.  Həmin dinləmələrdə çıxış edənlər bildiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək.  Amma onlar unudublar ki, dilənci payına göz dikən Ermənistandan fərqli olaraq Azərbaycanın başqalarının köməyinə ehtiyacı yoxdur və olmayacaq da. Ölkəmiz dəfələrlə təbii fəlakətlərdən əziyyət çəkmiş dövlətlərə maddi yardımlar göstərib. Pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına və ayrı-ayrı dövlətlərə göstərdiyi ianələr xeyirxahlıq nümunəsi idi.

İrqi ayrı-seçkiliyi, ölkədə yaşayan qaradərilirə qarşı  qeyri-insani , polis  zorakılığını   dövlət siyasətinin başlıca istiqamətləri kimi davam etdirən  ABŞ  dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərin, müharibələrin, dövlət çevrilişlərinin, vətəndaş müharibələrinin müəllifi və istiqamətverici qüvvəsidir. Milli münaqişələrdən, daxili çəkişmələrdən, xarici müdaxilələrdən əziyyət çəkən Liviya, Suriya, İraq, Əfqanıstan  ABŞ-ın  ölkələrinə gətirdiyi fəlakətlərdən  xilas ola bilmirlər. Əfqanıstanı işğal altında saxladığı 20 ildə bu ölkədən  narkotik  vasitələrin yetişdirilməsi,  tranziti kimi istifadə edən, insanların kütləvi qətlə  yetirildiyi  Qəzzada baş verən faciələrin də  ssenari müəllifi  Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və sonda meydanı tərk edən  məhz Amerikadır.  Latın Amerikasında, Afrika qitəsində rəsmi Vşinqtonun sifarişi ilə törədilən cinayətlərin Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dır.  Ötən illərdə  Soros Fondu vasitəsilə həyata keçirilən «rəngli inqilab»lar ssenarilərinin  müəllifi də  ABŞ idi. Azərbaycanda da xain planların həyata keçirməyə çalışan, lakin məqsədinə nail ola bilməyən  Ağ Evin maliyyələşdirdiyi  qaranlıq dairələrin niyyətləri baş tutmadı.  BMT-ni  «idarə edən», Avropa  ölkələrinə, beynəlxalq təşkilatlara təsir imkanlarını artıran rəsmi Vaşinqtonun  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda Ermənistana hərbi dəstək göstərməsi riyakarlığın təkzibolunmaz  nümunəsidir.

Ötən illərdə  Gürcüstana, hazırda isə Ukraynaya ərazi bütövlüyü məsələsində  dəstək göstərən rəsmi Vaşinqton heç vaxt Azərbaycana səmimi münasibətdə olmayıb. ATƏT-in artıq  təqaüdə göndərilmiş Minsk qrupunun həmsədri  ABŞ Ermənistanla Azərbaycan arasında problemin həllinə «ciddi səy göstərmək» görüntüsü yaradıb. Bu  «üçlüyün»  fəaliyyətsizliyini etiraf edən qrupun sabiq amerikalı  həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması da deyilənləri təsdiqləyir. Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş yazısında   təmsil olunduğu qrupun  qaranlıq, «gərgin fəaliyyəti»nin illərdən bəri  gizli saxlanılan məqamlarını  bu sözləri ilə ifadə edir: «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən bahalı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük.»   Necə deyərlər,  «Nə hərb , nə sülh» tezisinə  uyğun vaxt keçirən  səmərəsiz Minsk qrupunun gizli oyunlarının ifşası özünütəkzibin beynəlxalq səviyyədə təsdiqidir.

ABŞ erməni separatizmini dəstəkləməklə torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına  şərait yaratdı.  İkinci Qarabağ müharibəsindən sonra qalib ölkəmizə qarşı qərəzli niyyətini daha da tündləşdirən ABŞ  Dövlət Departamentində və Konqresdə ölkəmizə  qarşı  təxribat kampaniyalarının  artması, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində  ölkəmiz əleyhinə səsləndirdiyi birtərəfli və qərəzli fikirlər, məlum  907-ci düzəlişlə bağlı qərəzli yanaşma xalqımızın  Vaşinqtona olan inamının  üstündən qara xətt çəkir. Bu şərtlər altında 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüşün baş tutmasını mümkün hesab etmədiyini bildirən  Azərbaycan növbəti dəfə qüdrətli dövlət,  ədalət, həqiqət  tərəfdarı olduğunu göstərdi.

ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident  İlham Əliyevin zəngi bir daha göstərdi ki, Azərbaycanın reallıqları, gücü, qüdrəti qarşısında heç bir qüvvə dayana bilməz. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, Birləşmiş Ştatlar  tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlətimizin başçısı ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu və  Azərbaycan tərəfindən rədd edildiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bu şərti qəbul edib.

Göründüyü kimi,  Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi tanıyan, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ-ın daha böyük məhrumiyyətlərə, təzyiqlərə, hücumlara məruz qalan Azərbaycana qarşı göstərdiyi bu ögey münasibət  Prezident Cozef Baydenin Ağ Evinə   qara kölgə salır.

Beləliklə, təkcə  Cənubi Qafqazda deyil, bütün dünyada neytrallığını,  demokratik dəyərlərə mənsubluğunu itirən  ABŞ-ın əsas məqsədi  Azərbaycanı təxribata çəkmək olsa da , bu çirkin niyyət baş tutan deyil.

Xuraman İsmayılqızı, «İki sahil»