05 dekabr 2023 00:10
281

Həyasız...Həyasız...Həyasız Ermənistan!

Şərdən yaranan haylar şər atmaqdan əl çəkmirlər

Bu günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT Xarici İşlər nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında çıxışını bütünlüklə Azərbaycana qarşı iyrənc təbliğata həsr edib. O, erməni xislətinə "sadiq" qalaraq çıxışı boyu utanmazcasına yalan və iftira atmaqdan çəkinməyib. Həmişə olduğu kimi.

Görün şərəfini arxasına bağlamış dığa nə deyib: “Doqquz aydan çox davam edən qeyri-insani mühasirə”dən sonra, sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağ əhalisi”nə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, “Dağlıq Qarabağ”ın yerli əhalisinin kütləvi surətdə “məcburi köçkün”ə çevrilməsinə səbəb olub. Lakin bu ediləndən sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. indi Ermənistan Respublikasının bütün suveren ərazisi qonşumuzun hədəfinə çevrilib. Davamlı nifrət, hərbi ritorika, gücdən istifadə və güc təhdidi, müxtəlif beynəlxalq aktorlar, o cümlədən ABŞ və Aropa Birliyi tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında həqiqətən maraqlı olmadığını göstərir”, - deyə Mirzoyan Bakıya qarşı iftira dolu təbliğatını davam etdirib.

Yəqin "Keçəl baxar güzgüyə, adını qoyar özgəyə" kəlamı belə məqamlarda yaranıb. İnsanlıqdan danışan vəhşiyə baxın. Ən dəhşətli soyqırımlarını törədənlər, qundaqdakı körpələri belə süngünün ucuna keçirənlər, ixtiyar qocaları, qadınları ağlagəlməz işgəncələrlə qətlə yetirənlər insanlıqdan danışırlar. Heç bir millətdə bu cür vəhşilik və həyasızlıq yoxdur.

Mirzoyan heç utanıb-qızarmadan “humanitar fəlakətə baxmayaraq”, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına “sadiq” olduğunu da vurğulayıb:“Bu fürsəti reallığa çevirmək üçün bizə hərtərəfli işlənmiş və məlum prinsiplərə əsaslanan səylərimizə Azərbaycanın qarşılıqlı səmimi iştirakı və beynəlxalq aktorların güclü dəstəyi lazımdır. Azərbaycan tərəfindən geniş müzakirə olunan və qəbul edilən və ya ən azı rədd edilməyən həmin prinsiplərə aşağıdakılar daxildir:

- 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması - Almatı Bəyannaməsi əsasında və qeyri-müəyyənlik olmadan; SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası; ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması. Ermənistan yuxarıda göstərilən prinsiplərə sadiqliyini bir daha təsdiqləyir”.

Mirzoyan “sülh qovşağı” adlandırdıqları layihədən də bəhs edib və Ermənistan-Türkiyə sərhədinin açılmasının həlledici olduğunu bildirib: “Biz quru sərhədinin 3-cü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasına dair razılığa gəlmişik, bunu oktyabrın 23-də ikitərəfli görüşümüz zamanı nazir Fidan bir daha təsdiqləyib. Hətta qarşıdan gələn həftələri nəzərə alaraq aydın tarixlər də qeyd olunub və ümid edirik ki, yaxın gələcəkdə biz bu ilk, lakin kifayət qədər hiss olunan addımı atacağıq”.

Ararat Mirzoyan “sentyabrın 19-dan sonra həbs edilənlər də daxil olmaqla”, bütün erməni əsir və məhbusların azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılmasında əməkdaşlıq, Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunmasında da fəaliyyətini dayandırmış ATƏT-dən yardım istəyib. Çünki 32 il müddətində ATƏT bunlara köməkçilik edib, işğal vaxtını uzatmaq üçün hər cür xidmət göstərib. Ona görə də Mirzoyan ATƏT-in “quyruğunu” əlindən buraxmaq istəmir.

“Ermənistan danışıqlara hazırdır və bizə lazımdır ki, Azərbaycan vasitəçilərin görüşmək və sülh sazişini yekunlaşdırmaq təkliflərini rədd etməyi dayandırsın. Bu məqsədə nail olmaq üçün Cənubi Qafqazda zorakılıq səhifəsini çevirmək və beynəlxalq qanunlara əsaslanan nizamı gücləndirmək üçün bütün maraqlı tərəflərin və ümumilikdə beynəlxalq ictimaiyyətin real səylərinə ehtiyacımız var”, - o çıxışını yekunlaşdırıb. Quyruqları qapı arasında qalanda “ictimaiyyətin real səylərini” axtaranlar Xocalı faciəsini törədəndə heç kəsin rəyini soruşmurdular. Nə qədər qudurmuşdularsa BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və dünya ictimaiyyətinin rəylərini belə qulaqardına vurmuşdular. İndi əliyandımla o rəyləri axtarırlar. İndi bayquş xislətlərini “sülh göyərçini” maskası ilə pərdələməyə cəhd edirlər. Ancaq daha gecdir. Azərbaycanın şəhər və kəndlərinin necə xarabazara çevrildiyini görən dünya ictimaiyyəti ermənilərin kim olduqlarını anladı. Ararat Mirzoyanın naqqalıqları isə keçi su bulandırmasıdır. O ki qaldı Azərbaycanla sülhə gəlməyə, əgər gəlsələr özlərini xilas edərlər. Sülhə gəlməsələr o zaman Ermənistana doluşan xarici qüvvələr oranı müharibə poliqonuna çevirəcəklər və bununla Hayastan adlı oyuncaq dövlətin bədbəxt sonu gələcək. Seçim özlərinindir.

Vəli İlyasov, “İki sahil”