05 dekabr 2023 02:58
505

Zəfər paradı - Böyük Qələbənin təntənəsi

10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradı 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu

Hər bir xalqın tarixində unudulmaz yadda qalan günlər vardır. Azərbaycan tarixinə nəzər saldıqda görərik ki, Vətənimiz və millətimiz adına ən parlaq günlərdən biri Azadlıq meydanında Zəfər paradının keçirilməsi idi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin məntiqi sonluğu kimi 10 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və  qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bütün dünyaya səs salan Zəfər paradı baş tutdu. Bu parad illərdir haqqı tapdalanmış, xain düşmən tərəfindən hiyləgərcəsinə məhv etmək istədiyi xalqın yenidən doğuluşu, qüvvəsini bir yerə toplayaraq istənilən qarşı qüvvənin başını əzməyə qadir olan ordunun qələbə nümayişi idi. Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoymuş, müharibədə əldə olunan Qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnmişdi. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu Zəfəri ilə dünyaya səs saldı. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə qurduğu istehkamlar bu reallığın təsdiqi idi ki, torpaqlarımızı danışıqlar əsasında geri qaytarmaq fikrində deyildi. Ermənistanın baş nazirinin müharibənin gedişi dövründə müsahibələrində məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirməsi də sadəcə söz deyildi. Azərbaycan Ordusu Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Müzəffər Ali Baş Komandanımız informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev inamla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi. Türkiyə ilə Azərbaycan yumruq kimi birləşərək təkcə Ermənistana deyil, illərdən bəri işğalçını dəstəkləyən ədalətsiz güclərə sübut etdi ki, döyüş meydanında Zəfəri təkcə tanklarla, toplarla deyil, ağılla, zəka ilə, düşünülmüş siyasətlə qazanmaq olar.

Zəfər paradı həm də Azərbaycanın müdafiə qüdrətinin, əsgər və zabitlərimizin peşəkarlığının, cəsarətinin, qəhrəmanlığının nümayişi oldu. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Zəfər paradının şahidləri kimi taleyimizin xoşbəxt, əlamətdar hadisəsini yaşadıq həmin gün. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. İşğal dövründə düşmən ölkənin rəsmiləri bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını geri qaytarmağa cəhd göstərsə, Ermənistan ordusunun texnikası Bakıyadək irəliləyəcək. Belə sərsəm açıqlamalarla ermənilər Ermənistan silahlı qüvvələri barədə “yenilməz ordu” mifi yaratmağa çalışırdılar. Vətən müharibəsinin nəticələri bu mifi tar-mar etdi. Bəli, düşmənin hərbi texnikası Bakıya gəldi, ancaq hərbi qənimət qismində. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Müharibə zamanı 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edildi və ya qənimət kimi götürüldü. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər texnikaları da hərbi qənimətlər sırasındadır. Düşmən ordusundan götürülən hərbi qənimətlərin bir qismi Zəfər paradında nümayiş olundu. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə Hərbi Qənimətlər Parkının ekspozisiyaları sırasındadır. Xatırladaq ki, ermənilər də zamanında Azərbaycan avtomobillərinin nömrələrindən ibarət lövhə düzəltmişdilər. Həmin nömrələr işğal illərində dədə-baba torpaqlarından qovulan mülki insanların avtomobillərindən çıxarılmışdı. Azərbaycanın nümayiş etdirdiyi lövhədə isə erməni hərbçilərinin qoyub qaçdıqları texnikaların nömrələri yer alır. Bu iki təzadlı nümunə Azərbaycan və Ermənistan orduları arasındakı fərqi aydın şəkildə nümayiş etdirirdi.

Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Prezident İlham Əliyev paradda çıxışı zamanı bu məqamlara toxunaraq bildirmişdi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

“Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu fikirləri Zəfər paradındakı çıxışında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə etmişdi. Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə uyğun olaraq Azərbaycan və Türkiyə şad günlərində də, çətinliklərdə də həmişə bir yerdə olurlar. Qardaş ölkənin nümayəndə heyətinin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmələri də böyük rəmzi məna daşıyırdı. Vətən müharibəsində qazanılan Qələbənin sevincini bölüşməyə qardaş ölkənin xalqının və dövlət rəsmilərinin tam mənəvi haqları vardı.

Beləliklə, əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi, bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm qələbələrə imza atacaq.

Sevinc Azadi, “İki sahil”