04 dekabr 2023 12:20
337

Zəfər paradı bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi

Anar Məmmədov,

Milli Məclisin deputatı

Azərbaycan Ordusu Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadaraq qarşısında duran ən böyük vəzifəni layiqincə icra etdi. Bu tarixi qələbədən düz bir ay sonra isə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Təntənəli hərbi parad 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Zəfər paradının məhz 10 dekabr tarixinə salınması da düşünülmüş addım idi. Bunu beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi də dəyərləndirmək olar. Belə ki, 10 dekabr tarixi Dağlıq Qarabağdakı qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. 1991-ci ilin bu tarixində Qarabağda “referendum” keçirilmişdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi “referendumda” ermənilər “müstəqillik” elan etmişdilər. Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj verdi: - Qarabağ Azərbaycandır və bu, həmişə belə olacaq.

Zəfər paradının ən böyük özəlliyi və heç vaxt yaddaşlardan silinməyəcək məqamı mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin, bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi. Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu. Keçdiyimiz müstəqillik tariximizdə Azərbaycan övladlarının vətənpərvər ruhda yetişdirilməsi, dövlətimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi misilsiz işlər, habelə hərbi-texniki sahədə şaxələnmiş islahatlar məhz İkinci Qarabağ-Vətən Müharibəsində özünü nümayiş etdirdi, o cümlədən Azərbaycana dost və qardaş olan dövlətlərin hərtərəfli fəaliyyətini bir daha göstərdi. Təsadüfi deyil ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, çıxış edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha yəqin etdi. Prezident İlham Əliyevin dediyi kimi, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Bu sözlər iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.

Zəfər paradı bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi. Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu. Zəfər paradında yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi  idi.  Qənimət kimi ələ keçirilmiş düşmənin  hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

Beləliklə, “Dəmir Yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqidir.