02 dekabr 2023 00:31
307

Biz birlikdə güclüyük!

Azərbaycan Türkiyəyə növbəti humanitar yardım göndərib

Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!" dəyərləndirməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş xalqın, əbədi həmrəyliyini, dostluğunu, qardaşlığını, yaşanan fəlakətlərə, çətinliklərə birliklərinin gücü  və əzmi ilə qalib gəldiklərini təcəssüm etdirir. Bu sarsılmaz qardaşlığın nəticəsidir ki, Azərbaycan Türkiyəyə bütün məsələlərdə olduğu kimi  təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında da dəstək olur.

Xatırladaq ki, bu il fevralın 6-da baş vermiş zəlzələ 40 mindən çox insanın həyatına son qoydu. Ölkənin 10 əyalətində minlərlə insan həyatını itirdi, 80 mindən çox insan yaralandı, ən azı 13,5 milyon insan zərər çəkdi, 4 milyondan çox binaya ziyan dəydi. Adana Şakirpaşa Hava Limanı uçuş-enmə zolağının zədələnməsi səbəbindən bağlandı. Malatyada 300-dək bina dağıldı, Malatya "Erhaç" Hava Limanının tavanı, tarixi Yeni Cami məscidi qismən çökdü. Qaziantepdə Qaziantep qalası, Şirvani Məscidi və Qurtuluş Məscidi kimi tarixi yerlərin çoxu əhəmiyyətli dərəcədə zərər gördü. Qaziantep Oğuzeli Hava Limanı xilasetmə uçuşları üçün xidmətini məhdudlaşdırmaq məcburiyyətində qaldı. Nurdağı kimi şəhərlərdə ölüləri dəfn etmək üçün kütləvi məzarlıqlar yaradıldı. Hatay vilayətinin sənaye şəhəri İskəndərunda baş verən yanğın böyük çətinliklə 6-8 fevral tarixlərində söndürüldü, lakin daha bir neçə gün ərzində yenidən alovlandı, nəhayət, fevralın 10-da yanğının qarşısı tam alındı. Bu azmış kimi, şəhərin sahil zolağı boyunca daşqın da baş verdi, küçələri su basdı.

Anadoludakı Roma Katolik Vikariatının iqamətgahı olan Annunciation Kafedralı demək olar ki, tamamilə dağıldı. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Diyarbəkir qalası da qismən dağıldı, eyni zamanda, Hevsel bağlarına bitişik Ümumdünya İrsi saytındakı tikililər də ziyan çəkdi. Bəli, bu təbii fəlakət heç nəyə, heç kimə aman vermədi.

Xatırladaq ki, Azərbaycan bu dəhşətli təbii fəlakətin ilk saatlarından, qardaş Türkiyənin yanında oldu. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı. Elə həmin gün dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət şəxsi heyəti Türkiyəyə yola düşdü.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi, ilkin mərhələdə göndərilən yardım ümumilikdə 36 ton təşkil edirdi.

Bəli, həmin ağır günlərdə türk bacı və qardaşlarımızın başına gələn faciə hər bir azərbaycanlını narahat edirdi. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına start verməsi ilə hər kəs gücü çatan yardımla bölgələrdə yaradılan məntəqələrə, Bakı İdman Sarayına yollandı. Eyni zamanda, Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün “Qardaş Köməyi” Platforması yaradıldı.

Artıq bir ilə yaxındır ki, qardaş Türkiyədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində böyük layihələr reallaşdırılır. Bu işdə Azərbaycan da köməyini əsirgəmir. Prezident İlham Əliyev Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib. Dövlət başçısı bununla bağlı müvafiq qanun imzalayıb. Qanuna əsasən, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib. Bildirilib ki, içərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1000 soba olan iki TIR Kahramanmaraş rayon Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb. Bu, dostluğumuzun və qardaşlığımızın sarsılmazlığının daha bir əyani təzahürüdür.

Nigar Orucova, “İki sahil”