02 dekabr 2023 00:57
428

Bu yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır

Bu gün hər kəs Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyir.

Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına səfərbər edib desək, yanılmarıq. Nəticədə qısa zaman kəsiyində inanılmaz uğurlara imza atılır. Qəbul olunmuş Böyük Qayıdış Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə şəhərlər, kəndlər bərpa edilir. Uzun illər məcburi köçkün həyatı yaşamış həmvətənlərimiz artıq öz evlərinə dönürlər. 

Təqdirəlayiq haldır ki, erməni vandallarından azad edilmiş ərazilərimizdə ilk bərpa və quruculuq layihələrinin icrası avtomobil yollarının çəkilməsi ilə start götürüb.  

Halbuki, dünyanın heç bir ölkəsində müharibə dövründə, qızğın döyüşlər zamanı yol çəkilməsi ənənəsi olmayıb. Azərbaycan Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi günlərdə ilk azad edilmiş yaşayış məntəqələrindən olan Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların yenidənqurulmasına başladı. Təbii ki, müharibə gedən ərazidə, o cümlədən strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərinə gedən yolda görülən işlər təqdirəlayiq idi. Uzunluğu 28,5 km, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarət Tərtər ‒ Çaylı ‒ Suqovuşan ‒ Talış avtomobil yolu cəmi bir il sonra - 2021-ci il oktyabr ayının 3-də istismara verildi.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu isə Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, şanlı  Azərbaycan Ordusunun  ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi mürəkkəb təbii relyefli cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan bu avtomobil yolu 2021-ci il noyabrın 7-də istifadəyə verildi. Bir il ərzində inşası icra olunan və dünyada analoqu olmayan bu yol, həm də dövlətimizin gücünü, onun malik olduğu imkanları bütün dünyaya göstərdi. 

2022-ci il oktaybr ayında Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl, 2023-cü ilin may ayında isə 8,2 kilometrlik hissəsinin açılışları oldu. Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunan bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

2022-ci ilin avqust ayında, həmçinin Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırıldı. Qeyd edək ki, əvvəllər Ermənistandan Xankəndinə gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçirdi. Ölkə başçısının göstərişi və tapşırığı ilə qısa müddətdə, daha doğrusu, 10 ay ərzində yolun Azərbaycan ərazisinə düşən 22 kilometrlik hissəsi çəkildi. 2023-cü ilin may ayının 5-də  işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirildi. Qeyd edək ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Cari ilin mart ayının 18-də isə Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışı keçirildi.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan və Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçən Ağdam-Füzuli avtomobil yolu ilə yanaşı, Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. 2021-ci ilin oktyabrın 26-da  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişatı ilə tanış olan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib elə həmin gün bu  avtomobil yolunun təməlini qoyublar.

2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,9 kilometr), Toğana-Kəlbəcər-İstisu (81,6 kilometr), Kəlbəcər-Laçın (76,3 kilometr) avtomobil yollarının tikintisi başa çatdırılacaq. Prezident İlham Əliyev noyabrın 29-da 33  kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam avtomobil yolunun, noyabrın 30-da 18 kilometr uzunluğu olan Bərdə Ağdam-Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə sərəncamlar da imzalayıb. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur.

Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. Unutmayaq ki, yol mədəniyyət, intibah, rahatlıq, müasirlikdir, həm də ölkənin inkişaf səviyyəsini göstərən əsas faktorlardan biridir.  

Qvami Məhəbbətoğlu, “İki sahil”