02 dekabr 2023 01:37
400

Avroxuliqanların faş olan pəstahları

Adını beynəlxalq təşkilat qoyanların bəziləri bir ovuc terrorçu topluma xidmət edirlər

Otuz iki il davam edən keçmiş Qarabağ münaqişəsi dövründə bəzi beynəlxalq təşkilatların Azərbaycana gizli xəyanətlər və onların tətbiq etdikləri ikili standartlar bu gün ovuc içi kimi görünür. Onlardan biri də Avropada xalqların rifahını, sülhü və təhlükəsizliyi təmin etməli olan Avorpa İttifaqıdır (Aİ). Lakin keçən müddətdə biz nə gördük? Avropa İttifaqı İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra maska altında gizlətməyə çalışdığı bozarmış çirkin sifətini göstərdi. Əvvəllər guya ölkələr arasında balans saxlayırdısa ondan sonra əsl niyyətlərini açıq şəkildə büruzə verməyə başladı. Yəni, işğalçı Ermənistanı birbaşa müdafiəyə keçdi. "Dəmir yumruq"lardan "sifəti göyərmiş" Hayastana humanitar yardımları yağış kimi yağdırdı, ona mənəvi dəstək oldu.

Ancaq bildiyimiz kimi, Azərbaycanın kəndləri və şəhərləri Ermənistanın işğalçı qoşunları tərəfindən talan edilib məscidləri, qəbiristanlıqları dağıdılanda, 1 milyona qədər soydaşımız öz yurdlarından qaçqın və məcburi köçkün düşəndə, dəhşətli Xocalı faciəsi törədiləndə Avropa İttifaqı lal-kar və kor oldu, reaksiya vermədi, heç bir yardım göndərmədi, heç olmasa mənəvi dəstək göstərmədi. Ayrı-seçkilik ermənilərin könüllü olaraq Qarabağdan Ermənistana köçməsindən sonra bir daha nümayiş etdirildi. Dərhal onlar üçün külli miqdarda pullar və humanitar yardımlar təşkil edildi. Fransanın xarici işlər naziri yardım karvanını İrəvana şəxsən özü müşayiət edib gətirdi və ermənilərin qarşısında timsahsayağı göz yaşları axıdaraq Qarabağdan könüllü köçənlərə ürək-dirək verdi. Almaniyanın xarici işlər naziri də bu "ağlaşmada" az göz yaşı tökmədi. Üstəlik Kanadanın xarici işlər naziri okeanın o tayından "suları yara-yara" gəlib bu yas"da acı ağılar dedi.

Ermənistan KİV-ləri xəbər verir ki, yardımlardan ürəyi  soyumayan Avropa İttifaqı Ermənistana ədliyyə sahəsində islahatlar üçün 11 milyon avro ayıracaq. Artıq layihə Ermənistan hökumətinin iclasında təsdiqlənib.  Ermənistan və Avropa Komissiyası arasında razılaşma Aİ-nin 9 milyon avro məbləğində maliyyə dəstəyini nəzərdə tutur. Əlavə yardım olaraq daha 2 milyon avro da ayrılacaq. “Sazişin əsas məqsədi Ermənistanda ədliyyə sahəsini və korrupsiyaya qarşı mübarizəni təşviq etmək və onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Söhbət xüsusilə cinayət mühakiməsi sistemindən, o cümlədən gender məsələlərindən gedir. Həmçinin ayrılan vəsait müstəqil arbitraj mərkəzinin yaradılmasına yönəldiləcək”, - məlumatda deyilir. Bu yerdə bizim ata-babalarımız çox gözəl deyiblər: "Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı." Yəqin ki, Avorpa İttifadı ermənilərə saqqal darağını da alıb bəxşiş verəcək.

Görürsünüzmü, bu beynəlxalq təşkilat ölkələr arasında necə ayrı-seçkilik, ögey-doğmalıq salır? Çünki hər ikisi "bir bezin qırağı"dır. Təəssüf ki, öz ğözündə tiri görməyib başqalarının gözündə tük axtaran təkcə Avropa İttifaqı deyil. Ancaq Azərbaycan güclü dövlətdir, onun kimsənin ianəsinə və köməyinə ehtiyacı yoxdur. Ətrafımızda baş verənlər isə bizə dostumuzun, düşmənimizin kim olduğunu tanıdır. Bu isə yaxşıdır, bizə "daşın haradan atıldığını" anladır. Avroxuliqanların ermənilərlə bir xaçın arxasında gizlənib Azərbaycana qarşı hansı hoqqalardan çıxdıqları artıq ifşa olunmaqdadır. Bu ifşaçılıq onların nüfuzuna öldürücü zərbə vurur. Özləri qazanıblar. Yoxsa xalqların heysiyyatı ilə oynayan avroxuliqanların pəstahları örtülü qalardı.

Vəli İlyasov, "İki sahil"