01 dekabr 2023 02:16
384

Cəllad necə "quzu"ya döndü?

Bu Araik əsl artist imiş ki!..

Erməni ki, erməni...İmkanı olanda zəifə zülm edən, özü zəif olanda güclüyə yaltaqlanan və qul kimi qulluğunda durmağa vərdiş edən rəzil insan toplumudur. Uzağa getməyək. Dünənə qədər şəhər və kəndlərimizin top mərmiləri və raketlərlə dağıdılmasına əmr verən, bundan qürur duyduğunu lovğalıqla bəyan edən bir hay bu gün Bakıya "aşiq" olmasından dəm vurur. Axmaq erməni. Elə bilir ki, boğazdan yuxarı dediyi sözlərə inanacaqlar. Ay sən öləsən!

Qarabağdakı gorbagor olmuş separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Bakı həbsxanasında dəmir barmaqlıqlar arxasında Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istədiyini bildirib. Bu barədə mötəbər qaynaqlar məlumat verib. Məlumatda göstərilir ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq qiyafəsində aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatını Azərbaycanda vətəndaş olaraq davam etdirmək istəyir. O, hazırda İrəvanda yaşayan üç qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. Araik deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Erməni xislətinə görə, bütün bunlar Araikin hiyləgər gedişləridir: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq üçün belə davranır.

Qeyd etməliyik ki, onun adı həbs olunan müharibə caniləri arasında ən ağır hərbi və mülki cinayətləri törədənlər sırasındadır. Məhz Araik Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə, döyüş əməliyyatlarına komandirlik edib, Gəncənin, Bərdənin, Ağcabədinin, Tərtərin raket atəşinə tutulmasının əmrini şəxsən özü verib. Azərbaycan hərbçilərinin və mülki adamların şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. Çox güman ki, Azərbaycan məhkəmələri ona ən ağır cəza - ömürlük həbs cəzası  verəcək. Bu baxımdan, özünün arzuladığı kimi, Azərbaycanda ölənə qədər qalması rəsmən təmin olunub. İtirməyə heç nəyi qalmayan keçmiş separatçı bu səbəbdən indi yaltaqlığa, xoş qılığa, artistliyə əl atıb"...

Bir vaxtlar gözü yeri-göyü görməyən qatil indi "quzu" cildinə girib ki, bəlkə ona rəhm etdilər. Rəsmi olmayan həmin məlumatda bildirilir ki, Araik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara "...Mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Nikol Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb..."

Bir sözlə, gorbagor olmuş separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün cinayətləri Nikol Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxarmağa çalışır. Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər mənzərəli yerlərinə baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", -deyə hər dəfə yaltaqcasına təkrarlayır.

Məlumatda o da vurğulanır ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar.  Araikin hətta 10 kilo da  kökəldiyi bildirilir. Azərbaycanın çörəyi ona haram olsun! Necə ki oldu.

Yaxın zamanlarda çox qanlar axıtmış cəlladların cinayət istintaqı yekunlaşacaq və iş məhkəməyə təqdim olunacaq. Şübhəsiz ki, onların törətdikləri və bizim hələ də bilmədiyimiz bir çox cinayət əməllərinin üstü açılacaq.

Vəli İlyasov, "İki sahil"