01 dekabr 2023 02:58
339

Fransa Ermənistanı yeni faciələrə sürükləyir

Bu gün işğalçı ölkədə sülhlə bağlı təlimlərə daha çox ehtiyac var

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan təcavüzkar Ermənistana heç bir təhdid yaratmır. Hətta rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, bizim Ermənistan ərazisində gözümüz yoxdur. Amma ABŞ-ı və Qərbin  bir sıra dövlətlərini, həmçinin beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli qərar və qətnamələr qəbul etməyə təhrik edən Fransa  bunların heç birinə əhəmiyyət vermir. Hətta rəsmi Paris utanıb-qızarmadan Azərbaycanın Ermənistana “gözlənilən hərbi müdaxiləsindən dərin narahatlıq keçirdiyini” də açıq-aşkar bildirir. Halbuki, 30 il ərzində ölkəmizin 20 faiz ərazisinin haylar tərəfindən işğalına göz yuman Fransanın Azərbaycanı təcavüzkar ölkənin ərazi bütövlüyünə təhdid yaratmaqda ittiham etməsi olduqca absurddur.  Bu ölkənin yalnız bir məqsədi var: Nəyin bahasına olursa - olsun Cənubi Qafqazda möhkəmlənmək naminə yeni toqquşmalara nail olmaq və Ermənistanın əli ilə hərbi gərginlik riskini artırmaq.  

Bütün beynəlxalq təşkilatlarda Ermənistan adlı “baçı”sının vəkili qismində çıxış edən Fransanın işğalçını  silahlandırması və digər ölkələri buna təşviq etməsi artıq faktdır. Təkcə bir faktı xatırladaq ki, Avropa İttifaqının müşahidə missiyası altında Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi xüsusi missiyanın tərkibinin genişləndirilməsinə və ona əlavə yeni funksiyaların verilməsinə nail olan Fransa noyabrın 12-də  növbəti hərbi texnikanı təcavüzkar ölkəyə çatdırıb. Yeri gəlmişkən qeyd edək ki, son günlər Fransanın təhriki ilə Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstəriləcəyi də gündəmə gəlib. Şübhəsiz, bütün bunlar  regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.

Demokratiyadan, insan hüquqlarından dəm vuran Makron Fransası  indi də öz təlim mərkəzlərində erməni əsgərlərinə təlimlər keçməyə, daha doğrusu, NATO standarlarına uyğun daha döyüşkən əsgərlər hazırlamağa rəvac verib. Bununla da dünyanın 13 ölkəsində müstəmləkə siyasəti aparan Fransa Ermənistanda olan separatçı qüvvələrə dəstək verir. Məlumatlara görə, həmin təlimlərə Qarabağı tərk edən erməni əsilli gənclər də cəlb olunublar. Şübhəsiz,  bu “könüllülər”in əksəriyyəti Azərbaycana qarşı vuruşmuş erməni silahlı dəstələrinin və separatçıların silahlı qruplarının üzvləridir.

Bəzi informasiya agentlikləri bildirirlər ki, guya bütün bu hazırlıqlar  Ukraynada Rusiyaya qarşı döyüşmək üçün ermənilərdən ibarət dəstələrin təşkili ilə əlaqədardır. Halbuki, bu, Fransanın diktəsi ilə ictimai rəyi çaşdırmaqdan başqa bir şey deyil. Əslində məsələ başqa cürdür. Belə ki, hər gün ölkəmizə qarşı hədyanlar səsləndirən, rəsmi Bakının uğurlarını həzm edə bilməyən, ermənipərəstliyin pik nöqtəsində qərar tutan Fransa Azərbaycana qarşı döyüşçülər hazırlayır. Elə  rəsmi Parisin Cənubi Qafqazla bağlı planları, son günlərdəki davranışı, həmçinin Ermənistanın revanşist fikirlərdən hələ əl çəkməməsi  belə qənaətə gəlməyə əsas verir. Bir sözlə, dünənə qədər Nikol Paşinyana və onun havadarlarına “dərs” keçən, onlara “yol” göstərən Fransa indi də erməni hərbçilərini təlimatlandırır.

Şübhəsiz, Fransanın regiondakı dağıdıcı xarakter daşıyan siyasəti sülhə təhdiddir. Fransanın bu gün bölgədə yeni reallıqlar yaradan Azərbaycanla təzyiq dilində danışması və “bacı”sını silahlandırması, üstəlik erməni əsgərlərinə təlimlər keçməsi mənasız addımlardır.  Çünki bu kimi addımlar Azərbaycanı haqq yolundan  döndərmək iqtidarında deyil. Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında dövlətimizin başçısı İlham Əliyev demişdir: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər… Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”. Buradan bir daha belə nəticəyə gəlmək olar ki, Ermənistanın inkişafı, nicatı  onu təhlükələrə sürükləyən, oyuncağa çevirən Fransa kimi ölkələrdə deyil, ölkəmiz ilə dost əməkdaşlıq münasibətlərinin qurulmasındadır. Başqa sözlə desək, Hayastan Cənubi Qafqazda nəyəsə nail olmaq istəyirsə Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamalıdır. Yəni, bu ölkə Qərbin, o cümlədən Fransanın deyil, rəsmi Bakının ətəyindən möhkəm yapışmalıdır. Fikrimizcə, hazırda Ermənistanın bu istiqamətdə təlimlərə daha çox ehtiyacı var.

Qvami Məhəbbətoğlu, “İki sahil”