01 dekabr 2023 00:00
414

Azadlığına qovuşan ulu diyarımız

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Xatırladaq ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində Zəngəzurla Qarabağın qovuşuq yeri olan Laçın rayonu böyük itkilər verdi: Əhali etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, itkin düşdü, 79,1 min nəfər insan respublikanın 57 şəhər və rayonuna səpələndi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talanıb, məhv edildi...

Ümumi sahəsi 1835 km2 olan Laçının 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardı. Rayon 72 min hektar yaylaq sahəsinə, 34 min hektar zəngin meşə massivinə malik idi. İşğal nəticəsində Laçının yalnız insanları, abidələri deyil, flora və faunası da vandallığa məruz qaldı. İşğalçı Ermənistan bu illər ərzində məlum Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc qaynağına çevrilməsi kimi bəd əməllərlə məşğul olub. Suriya başda olmaqla, Yaxın Şərqdən, ayrı-ayrı ölkələrdən erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qanunsuz əməlləri fasiləsiz olaraq davam etdiriblər.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Bəli, Laçında genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Sevinc Azadi, “İki sahil”