30 noyabr 2023 00:35
480

Niyə Qarabağ Universiteti ox olub Altay Göyüşovun gözünə batır?

Vətənin qəmi, dərdi hər birimizin dərdi, qəmi olmalıdır. Ancaq çox təəssüf ki, son dövrlər özünü azərbaycanlı adlandıran bəzi üzdəniraq “soydaşlarımız” öz şəxsi mənafeləri naminə xalqı, Vətəni satmağa hazır olduqlarını dönə-dönə nümayiş etdirirlər. Belələrindən biri də başabəla “tarixçi alim” Altay Göyüşovdur. Vicdanını, şəxsiyyətini, mənliyini pula satan, ruhən ölmüş, mənəvi deqradasiyaya uğramış A.Göyüşovun son zamanlarda sərgilədiyi həddindən artıq həyasızlıq, erməni təəssübkeşliyi insanda heyrət doğurmaya bilmir. Londondakı “Baku Research Institute” layihəsinin rəhbəri kimi erməni lobbisinin təsiri altında olan təşkilatlardan qrantlar alan bu xəstə təfəkkürlü “politoloq”un bir müddət əvvəl uzun illər torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistanı deyil, haqq işi, tarixi ədalət uğrunda mücadilə edən Azərbaycanı irredentist siyasət yürütməkdə ittiham etməsi əxlaqsızlığın və xəyanətkarlığın pik nöqtəsi idi.

Riyakarlığı və xəyanətkarlığı ilə tanınan A.Göyüşovun bu cür əməlləri barədə əvvəllər yazmışıq. Bir daha altını qırmızı xətlə cızaraq qeyd edirik ki, Azərbaycan dövləti qırx dörd günlük müharibədə, o ağır və şərəfli günlərdə həm döyüş meydanında, həm siyasi, həm də diplomatik müstəvidə qələbə qazandı, torpaqlarımızı, eləcə də nankor və antimilli ünsür Altay Göyüşovun babalarının erməni tapdağı altında qalan məzarlarının olduğu Ağdam rayonunu 28 illik işğaldan azad etdi. A.Göyüşov kimi xəyanətkar Qərb ölkələrində ermənipərəst dairələrin pulları Qərb ölkələrinin dumanlı restoranlarında gününü eyş-işrət içində keçirəndə qəhrəman  əsgər və zabitlərimiz öz canları-qanları bahasına torpaqlarımızı, eləcə də bu üzdəniraq “poitoloq”un ata-baba yurdu olan Ağdamı mənfur düşməndən təmizləyirdilər.

Ləyaqətini, reallıq hissini erməni lobbisinə yaxın olan xarici təşkilatlardan aldığı qrantlara dəyişən sabiq ReAl-çı Altay Göyüşov indi də yenə köhnə və çirkin ənənəsinə sadiq qalaraq ölkə başçısının Sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılmasına qarşı utanmazcasına “qara piar” kampaniyası aparır. Bu nadan və satqın “alim” əndazəni aşaraq həyasızcasına deyir ki, Qarabağ universiteti məsələsi növbəti içiboş piar kampaniyasıdır. Belə yerdə “Tfu sənin qeyrətinə Altay Göyüşov!”- deməkdən başqa çarə qalmır.

Belələrinə nə deyəsən, necə deyəsən? A.Göyüşova axı necə izah edəsən ki, ay həpənd qırx dörd günlük Vətən müharibəsində uğruna, yoluna baş qoyduğumuz,  tarixi Qələbədən sonra  yenidən dirçəltdiyimiz, qurub- yaratdığımız Qarabağda bir ali təhsil ocağının-universitetin yaradılması  böyük tarixi hadisədir. Qarabağda əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması, bölgədə olan intellektual, insan kapitalının inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.

Əslində  özü “tarixçi” olan A.Göyüşov  və onun kimilər özləri də yaxşı bilirlər ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Bu gün işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Bu gün hamımız tarixən Azərbaycan mədəniyyətinə, elminə, musiqi xəzinəsinə böyük töhfələr verən, onu zənginləşdirən böyük mütəfəkkirləri, istedadlı yazıçıları, alimləri, musiqiçi-sənətkarları ilə tanınan Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı, intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bütün bunları ölkə başçısının Sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılmasının nümunsəsində bir daha görürük. Düzdür gözlərini qaranlıq pərdəsi örtmüş xain, iblis xislətli A.Göyüşov kimi xəyanətkarlar bütün bunları görə, idrak edə bilməzlər. Əslində bu da ayrıca bir dərddir. İstər-istəməz məntiqi bir sual yaranır: Görəsən, niyə Qarabağ Universiteti ox olub Altay Göyüşovun gözünə batır?..

Zahid Rza, “İki sahil”