30 noyabr 2023 01:16
370

İşğalçıya Nobel sülh mükafatı?

Gorun çatlasın Alfred, gör sənin pulunu kimə vermək istəyirlər...

"Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Qərb platformasında baş tutarsa, İrəvan hökumətinin rəhbəri Nikol Paşinyan "Nobel sülh mükafatı"na təqdim oluna bilər."

Bu barədə diplomatik qaynaqlardan məlumat daxil olub. Məlumatda iddia olunur ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyana Qərb koalisiyası adından xüsusi "Nobel" vədi verilib. Buradan məqsəd sülh müqaviləsini imzalamağa vadar olan Nikol Paşinyanı erməni xalqının və dövlətinin xilaskarı kimi göstərmək, onun peyinə düşmüş reytinqini təmizləyərək hakimiyyətdə qalmasını təmin etməkdir. Eyni zamanda, Rusiyanı bu prosesdən kənarlaşdırmaq, sazişi Qərb paytaxtlarının münsifliyi altında imzalamaq da əsas hədəflərdən biridir. Məhz bu perspektivi ideologiyalaşdırmaq üçün Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə dezinformasiya paketi dövriyyəyə buraxılıb. Belə bir "dramatik" situasiyada Paşinyanın sülh bağlamağa nail olması onun xüsusi xidməti, diplomatik və siyasi qabiliyyətləri kimi təqdim olunacaq. Eyni zamanda, Qərb, ələlxüsus ABŞ - Fransa, Avropa İttifaqı guya  Ermənistanı Rusiya və Azərbaycanın caynağından qurtarmaq əfsanəsi də uydurulacaqlar.

Ermənistanın işğalçı siyasəti ilə başlamış və artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsi son 100 ilin ən qanlı və uzunömürlü etnik münaqişəsi sayılır. Bu münaqişə zamanı Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın erməni işğalı altında qalıb, 35 min şəhid vermişik. 1 milyona yaxın vətəndaşımız qaçqın düşüb, onların əmlakları talan edilib, evləri sökülərək, xarabaya çevirilib. 30 ilə yaxın davam edən işğal 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə 1 günlük antiterror tədbirləri ilə aradan qaldırılıb.

Yəni, əslində Azərbaycan öz torpaqlarında separatizmi bitirməklə, terrorçuları qovub çıxarmaqla münaqişəyə son qoyub və sülhü təmin edən yeganə tərəf olub. Ancaq üç ildən artıqdır ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə sülh sazişi bağlamaqdan yayınır və işğalçı damğasını öz belində daşıyır. Belə bir halda Qərb paytaxtlarının Nikol Paşinyanı "sülh göyərçini" kimi təqdim etməyə hazırlaşması absurd və gülüncdür. 2020-ci ildə Paşinyanın lovğalıqla bəyan etdiyi "Yeni müharibə, yeni ərazilər" hələ unudulmayıb. Onun başladığı İkinci Qarabağ müharibəsində öldürülən on min nəfərə qədər əsgər və zabitin qanı Paşinyanın üstündədir. Hələ yaralanıb şikəst olan minlərlə hərbçini demirik. Ancaq aşağıdakı faktlara nəzər salsanız görərsiniz ki, Paşinyana Nobel sülh mükafatı verilsə bu, təəccüblü olmaz. Çünki ondan əvvəlki çox sayda laureatların adlarını siyahıda görəndə hər şey aydın olur. Məsələn, SSRİ-də əli xalqların qanına batmış Mixail Qorbaçova niyə sülh mükafatı verilməli idi? Bakıda törətdiyi 20 Yanvar qırğınında 140-a qədər sakin öldürülmüş və yüzlərlə dinc insan yaralanmışdır. Fələstin rəhbəri olmuş Yasir Ərəfat quzu cildinə girsə də terror təşkilatları ilə sıx bağlı idi. Onun iddiaları üzündən minlərlə fələstinli həyatını itirmişdi. Yaxud ABŞ Prezidenti olmuş Barak Obama bu mükafata guya beynəlxalq səviyyədə sülhü qoruduğuna görə təltif edilmişdi. Halbuki mükafat  Obamaya Prezident  seçiləndən bir ay keçməmiş təqdim olunmuşdu. Bir ay müddətində o, harada sülhə xidmət götərmişdi? Heç harada. Həm də Obama Prezident olmazdan əvvəl   beynəlxalq sülhü qorumaq imkanında deyildi. Bundan da əlavə, onun hakimiyyəti illərində ərəb xalqlarının azmı qanı axıdılmışdı? Belə çıxır ki, Adolf Hitler tez ölməsəydi Nobel sülh mükafatını ona da verərdilər. Siyahını bir qədər də uzada bilərik, ancaq mənasız olardı.

Təəssüf ki, Alfred Nobelin Bakı nefti ilə qazandığı yüz milyonlardan Azərbaycanın tək bir aliminə və ya ictimai xadiminə pay düşməyib. Halbuki, bu mükafatı almağa layiq çox namizədlərimiz var. Bütün dünyanın tanıdığı görkəmli dövlət başçısı, müdrik diplomat  Heydər Əliyev, bəşəriyyət qarşısında nəhəng elmi kəşfin ixtiraçısı akademik Yusif Məmmədəliyev, kosmosun fəthində kəşflərə imza atmış Kərim Kərimov və başqaları. Ancaq görünür, mükafatı təyin edən komitəyə kimlər sərf edirsə bu mükafatı da ona verirlər.

Bizcə Nikol Paşinyana Nobel sülh mükafatı verilməsi barədə söz-söhbətlər elə söz-söhbət olaraq qalacaq. Əks halda bu, onun ya dünya ictimaiyyətini, ya da özünü ələ salması olardı.

Vəli İlyasov, "İki sahil"