29 noyabr 2023 22:42
222

Nikolun “demokrat” maskası cırılır

Erməni politoloq: Paşinyan hələ xəyanətkar missiyasını tamamlamadığı üçün hakimiyyətdə saxlanılır

Ermənistanın baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Bunun nəticəsidir ki, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. Hansı ki, demokratiya adı altında hakimiyyətə gəldiyi üçün, əslində, o, tənqidlərə daha dözümlü yanaşmalı idi. Lakin əksinə, Paşinyana qarşı müxalif mövqedən çıxış edən partiya sədrlərinin, həmçinin sıravi vətəndaşların başına min oyun açılır. Təqib edilir, həbsə atılır, fiziki-mənəvi təzyiqə məruz qalırlar və s.

“Vaxtilə hər fürsətlə yürüş və mitinq təşkil edən, Opera Teatrının həyətində “1+1+1” formatında günlərlə aksiya həyata keçirən, 2018-ci ildə küçələri bağlayaraq bütün Ermənistanı iflic vəziyyətinə salan və ictimai narazılıqlar yaradaraq hakimiyyəə gələn Nikol Paşinyanın hüquq-mühafizə orqanları bu gün “Zəng” hərəkatının İrəvanda dinc aksiyalar keçirməsinə imkan vermirlər”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr bildirir: “Polislərdən ibarət böyük qrupla, onlarla polis maşınları ilə şəhərdə yürüş edən onlarla gənci müşayiət edir və əlverişli an olan kimi, onları qandallayıb polisə gətirirlər”. Bu proseslər düşmən ölkədə guya demokratiya dalğası ilə hakimiyyətə gəlmiş Paşinyan hökumətinin əsl sifətini bir daha çılpaq şəkildə nümayiş etdirməkdədir. Artıq Ermənistanın baş naziri qurduğu diktatura rejimini demokratiya pərdəsinə bürüyüb gizlədə bilmir.

Paşinyanın “demokratiyası” o həddə çatıb ki, Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi, yayımlanması qadağan edilib. Paşinyanın indiki davranışları heç də müharibədə üzləşdiyi məğlubiyyətlə bağlı deyil. Əslində Ermənistanda “demokratik inqilab” dalğası ilə iqtidara gələn Paşinyan hakimiyyətinin mayası ilk gündən diktatura ilə yoğrulub. Belə ki, Paşinyan hakimiyyətinin 7-ci ayında “demokratik islahatlara” başlamışdı. Bunun nəticəsində siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada ölmüşdü. 

Paşinyan “islahatları” davam etdirərək hakimiyyətdə olduğu 5 il ərzində “korrupsiyaya qarşı mübarizə”yə başladı və bu ad altında siyasi rəqiblərini sıradan çıxartmağa nail oldu. Ermənistanın keçmiş prezidentlərindən biri həbs edildi, digərinə qarşı cinayət işi qaldırıldı. Aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyan bu gün də həbsdədir. Maraqlısı odur ki, Paşinyanın bu davranışlarını Qərb dairələri həmişə görməzdən gəliblər, bu gün də belədir. Bu da təsadüfi deyil. Qərbin öz adamı kimi hakimiyyətə gətirdiyi şəxslərin qeyri-insani addımlarına göz yumması ənənəvi haldır. Paşinyan da belələrindəndir. Məhz Qərb dairələri Sorosun adamı olan Paşinyanı həmişə Ermənistanda demoktarik şəxs kimi qələmə verirlər. 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Paşinyanı isə “demokrat lider” kimi təqdim edirdilər. Amma Paşinyan cəmi 5 ilə Ermənistanda demokratiyanın olan-qalan işartılarını məhv etməyi bacardı. Ermənistan sözün bütün mənalarında kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur, hakimiyyəti, hətta bələdiyyələrə belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir, sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalıqlarını, cinayətlərini tənqid edə bilmirlər. Erməni politoloq Arman Bosyanın dediyinə görə, Paşinyan hələ xəyanətkar missiyasını tamamlamadığı üçün hakimiyyətdə saxlanılır: “Paşinyan Qarabağı təslim etmək üçün hakimiyyətə gətirildi. İqtisadiyyatı inkişaf etdirmək, maaşları artırmaq və həyat şəraitini yaxşılaşdırmaq üçün yox, məhz bu məsələni həll etmək üçün baş nazir olmasına icazə verildi”. Onun fikrincə, Ermənistanda hazırda daxili siyasi böhran hökm sürür: Ancaq Paşinyan nəinki istefa vermir, əksinə onu istefaya çağıranlara hədə-qorxu gəlir, əhalini az qala vətəndaş müharibəsinə çağırır. Qəribədir ki, Ermənistan hüquq-mühafizə sistemi buna laqeyd qalır. Əvəzində iqtidarla razılaşmayanları həbsxanaya doldururlar. Burada hansı demokratiyadan söz açmaq olar?

Amma Qərb, onun demokratik institutları, insan haqları təşkilatları ötən illər ərzində Paşinyan iqtidarının bu davranışlarına qarşı heç bir tənqidi mövqe sərgiləməyib. İndinin özündə də Paşinyan Qərbin gözündə “toxunulmaz” şəxsdir. Bəlkə də zamanında Paşinyanın qeyri-demokratik addımlarına qarşı cəza tətbiq olunsaydı, o, növbəti daha böyük cinayətlərə əl atmaz, hərbi cinayətlərə də yol verməzdi. Deməli, bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan məsuliyyət daşımır. Bütün bunlarda Paşinyana hakimiyyət kürsüsünə qalxması üçün hər cür dəstək verən, sonradan onun bütün cinayətlərinə göz yuman Qərb dairələri, təşkilatları da məsuliyyət daşıyırlar.

Sevinc Azadi, “İki sahil”