28 noyabr 2023 19:34
366

Kamran Bayramov: Qrant ovçuları ifşa edilməlidir...

"Qərbin müstəqil, milli maraqlar çərçivəsində siyasət yürüdən dövlətlərə qarşı qərəzli münasibət bəsləməsini  illərdir ki, müşahidə edirik. Amerika Birləşmiş Ştatları, eləcə də, Avropanın bir sıra dairələri tərəfindən Azərbaycana münasibətdə ikili standartlar hər zaman mövcud olub. Buna səbəb isə Azərbaycanın tam müstəqil, güclü dövlət olması öz maraqları çərçivəsində uğurlu siyasət həyata keçirməsidir."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ABŞ və Fransanın qərəzli mövqe tutması, regionda yeni silahlı münaqişə ocaqlarının alovlanmasına, terrorizmin, separatizmin, ekstremizmin yayılmasına zəmin yaradır və qeyd olunan əməlləri qadağan edən bir sıra beynəlxalq konvensiyaların müddəalarını kobud surətdə pozur. Ermənistan sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edən zaman ABŞ Konqresi işğalçı Ermənistana münasibətdə deyil, işğala məruz qalan Azərbaycana qarşı 907-ci əlavəni qəbul edib. ABŞ-ın digər istiqamətlər üzrə də ikili standartlardan çıxış etdiyi daim aydın görünüb. Bu da dövlətlərarası münasibətlərə xələl gətirməklə yanaşı, həm də qlobal təhlükəsizlik üçün təhdidləri daha da artırır. Hazırda Azərbaycanın nə ABŞ, nə də bəzi Qərb dövlətləri qarşısında heç bir öhdəliyi yoxdur. Ölkəmiz heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Noyabrın 28-də ABŞ-ın və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə, Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ölkələrinin təmsil etdiyi qurumların  həyata keçirdikləri qeyri-qanuni işlər barədə xəbərdarlıq edilib. Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də, sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının, ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Deputat diqqətə çatdırıb ki, ABŞ-ın təxribat institutları Azərbaycanda radikal feministlər, “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” qismində “yığcam və çevik qruplar” formalaşdırıblar. Onlar ayrı-ayrılıqda çalışan muxtar şəbəkələr kimi görünsələr də, sonda eyni mərkəz ətrafında birləşir, ABŞ-dan yönləndirilən “qrant şəbəkəs”nin diqtəsi ilə hərəkət edirlər. Onu da bildirmişdik ki, belə lokal şəbəkələrin sayı çoxdur, bütün sferalarda təmsil olunurlar. Bir-birilərinə dəstək verərək, ictimai rəyə təsir edən güc mərkəzi kimi çıxış edirlər. Yazıda adını çəkdiyimiz təşkilatlar onların sırasından sadəcə nümunə olaraq seçilib istifadə edilirlər.

K.Bayramov əlavə edib ki, artıq antimilli satqınlarla mübarizə aparan bəzi dövlətlərın təcrübəsinin ölkəmizdə də tətbiqinin vaxtı çatıb.  Artıq, bir neçə ölkədə dövlətin maraqlarına xələl gətirən  qüvvələrə qarşı  qanunların həyata keçirilməsinə başlanılıb. Xarici dairələrə xidmət edən müxalifət  partiyalarının dövlət qeydiyyatları ləğv edilir. Ölkəmizdə də müxtəlif ölkələrə və qüvvələrə   agentlik edən syasi partiyalar, qeyri-hökumət təşkilatları haqqında qanunvericilik əsasında ciddi, sərt tədbirlər görülməli, anti-Azərbaycan dairələri ölkəmizlə bağlı  saxta, böhtan xarakterli məlumatlarla  təmin edən qrant ovçuları ifşa edilməlidir.