28 noyabr 2023 19:31
228

Ermənistanı "Orta dəhlizə" qoşmaq planına qarşı Əliyevin İqtisadi Zirvə gedişi - ŞƏRH

Aydın Quliyev

1998- ci ildə əsası qoyulmuş  Mərkəzi Asiya dövlətlərinin  iqtisadiyyatı üçün BMT-nin Xüsusu proqramının 25 illiyi bu günlərdə Bakıda dövlət başçılarının Zirvə formatında qeyd olundu. Hadisənin özü tarixi faktdır. Dövlət başçılarının Zirvə formatının ilk dəfə, həm də Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilməsi də önəmli faktdır. O da bir faktdır ki, geosiyasi və coğrafi olaraq Mərkəzi Asiya ölkəsi sayılmadığı halda, Azərbaycan da bu böyük regional iqtisadi platformanın rəsmi üzvüdür. Təbii ki, bu status Azərbaycana sadəcə hədiyyə edilməyib, bunun arxasında Azərbaycanın iqtisadi, siyasi, logistik və tranzit olmaqla böyük güc göstəricilərinin dayandığını mütləq görmək lazımdır. BMT Mərkəzi Asiya ölkələrindən nə istəyir? Bu istəklərin reallaşmasında Azərbaycan hansı təsirlərə malikdir? BMT Mərkəzi Asiyanın, Xəzərin  və Azərbaycanın ard- arda düzülmüş olduğu məkanda özü üçün nələri cəlbedici saydı? Bax, məsələ buradadır.

Mərkəzi Asiyanı özünün böyük potensialları ilə dünya sisteminə qoşmağın ən qısa, ən səmərəli yolu Azərbaycandan keçir. Azərbaycan olmasa, Mərkəzi Asiya öz zənginliklərinin içində boğulub gedər. Demək, Azərbaycan BMT-nin mühüm iqtisadi platformasına böyük töhfə potensialı ilə gəlib,daha doğrusu daxil edilib. Nəinki gəlib, həm də  yaradıcı və təşəbbüskar mövqe göstərir, platformanın məzmununu yeniləşdirmək və genişləndirmək gücündə olan gedişlər edir.

Prezident İlham Əliyevin Zirvədə bir məlumatı bu nöqteyi-nəzərdən cəlbedicidir. "Biz Zirvəyə Platformanın üzvü olmayan Gürcüstanı və Macarıstan da qonaq kimi dəvət etmişik və bu gələcəkdə daha geniş əməkdaşlıq formatlarına yol açacaq".....Prezident hansı əlavə platformadan danışır?

İlham Əliyevin növbəti dəfə hadisələri qabaqlamış bu bəyanatının izahına bir azdan yenə qayıdarıq.Burada zamanı qabaqlayan və cəlbedici geosiyasi mətləblərin olduğuna yenidən nəzər salarıq. İndi isə  bölgəmizdə planlanan yeni geosiyasi layihələrə Qərbdən gələn bəzi " islahatçı" baxışlara nəzər yetirək.
ABŞ Dövlət katibinin köməkçisi Braynın 15 noyabrda Konqresdə "Qarabağ müzakirələrində" və bu günlərdə verdiyi bəyanatlara baxaq. Bu bəyanatlar Azərbaycanın yeni reallıqlarından olan Zəngəzur dəhlizinə alternativ kimi uydurulmuş Paşinyanın mifik "sülh kəsişməsi" layihəsi ilə necə də oxşardı?!
Paşinyan Zəngəzur dəhlizinin açılmaması və ya dəhliz kimi açılmaması üçün bu mifik layihəni əlinə alıb məmurları ilə birlikdə bütün dünyanı dolaşır. Qars - Gümrü dəmiryolunun açılmasını, Şimal- Cənub marşrutunun Ermənistandan keçən qolunun yaradılmasını, Azərbaycan üzərindən Rusiyaya, Mərkəzi Asiyaya və Xəzərə özü üçün çıxış verilməsini təklif edir, adını da qoyur "sülh, və ya dünya kəsişməsi"... Beləliklə, özü regional təcriddən tam çıxır, Rusiyaya, Türkiyəyə və Mərkəzi Asiyaya yolu açılır, Naxçıvana isə ən yaxşı halda sovet dövründəki kimi sınıq-salxaq bir dəmiryolu verir...

Gələk noyabrın 15-də və bu günlərdə ABŞ Dövlət katibinin köməkçisi Braynın təkliflərinə. Brayn açıq deyir ki, Mərkəzi Asiyadan mallar Azərbaycanın və Ermənistanın üzərindən Gürcüstana və Türkiyəyə daşınsa, Amerika da bu prosesin bir hissəsi olar və çox yaxşı olar. Bu ideya Ermənistanın Orta dəhlizə qoşulmasından başqa bir şey deyil. O dəhlizə ki, Mərkəzi Asiya ilə Avropanı Rusiya və İrandan yan keçərək birləşdirən unikal layihədir və Azərbaycan bu layihənin reallaşmasına az qala  müstəqil dövlət resurslarını sərf edib. Bu plan Ermənistanın həm də Azərbaycanla bərabər Şərq- Qərb, Şimal- Cənub marşrutları üzərində yeni qovşaq nöqtəsinə çevrilməsi anlamına gəlir. Bəh- bəh, nə yaxşı imiş?! Ermənistan 30 il bütün regional layihələrə qarşı vuruşdu, indi ABŞ onu əslində bütün regional layihələrin yarıbayarı payçısına çevirmək istəyir...

Qayıdaq Prezident İlham Əliyevin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi BMT proqramının Bakı Zirvəsində dediklərinə - Bizim təklifimizlə ilk dəfə proqramın Zirvəsinin keçirilməsi və Gürcüstanla Macarıstanın  qonaq statusunda burada iştirakı gələcəkdə daha geniş formatda əməkdaşlıqlara yol açır. Azərbaycan Prezidenti burada Mərkəzi Asiya- Xəzər- Azərbaycan- Gürcüstan- Türkiyə - Avropa xətti boyunca çoxdan əsası qoyulmuş əməkdaşlıq oxunun bölgə üçün alternativsizliyini bir daha təsdiqlədi. Əgər bu marşrut hazırda əla işlıyirsə, Ermənistan kimi "bir başağrısını" ona qoşub vəziyyəti niyə çətinləşdirməliyik ki?! Ermənistanın qeyri-adi nə potensialı var?! Bölgənin təhlükəsizliyi üçün Ermənistanın öz üzərinə heç bir əlavə məsuliyyət götürmədən və təcavüzkar bölgə siyasətindən rəsmi imtina etmədən bu layihəyə payçı kimi qoşulması heç bir məntiqə sığmır. Prezident İlham Əliyevin Zirvədə "daha geniş əməkdaşlıq formatından" danışması əslində Ermənistanın ya təcavüzkar ölkə kimi regional layihələrdən tam çıxdaş edilməsini nəzərdə tutur, ya da təcavüzkar siyasətdən islah olunaraq yeni əməkdaşlıq formatlarında yer almasından söhbət gedir.

Prezident İlham Əliyevin Zirvədəki "daha geniş əməkdaşlıqlar" bəyanatı o mənada prosesləri qabaqlayır ki, Ermənistana məhz bu 2 yolun timsalında seçim imkanı açır....Eyni zamanda, Ermənistanın Qərb havadarlarının hazır layihələrə pozucu müdaxilə cəhdlərini bu başdan neytrallaşdırılması...