28 noyabr 2023 18:07
241

ABŞ-ın Türkiyədən Azərbaycanla bağlı tələbi qeyri-etikdir - Aydın Hüseynov

“Azərbaycan və Ermənistan arasında aparılan sülh müzakirələrində yaranan reallıqlar ABŞ-ı yeni-yeni formatlar tətbiq etməyə vadar edib. Vaşinqton yenə vaxtı uzatmağa çalışır. Nəzərə alsaq ki, 2024-cü il seçki ilidir, nə Bayden, nə də onun komandasının vaxtı qalmayıb. Buna baxmayaraq Azərbaycanı təkləmək, dəstəksiz qoymaq həmişə Qərbin planında olub. Qardaş və dost ölkələrin mənəvi dəstəyi ilə Qarabağ məsələsini həll etdiyimizi heç kim danmır. Amma bizim əvəzimizdən heç bir ölkə, heç bir xalq cəbhədə döyüşmədi, qələbə Azərbaycana halaldır. Mənəvi dəstək verən olkələr oldu, hətta heç bir ölkəyə silah satmayan dostlarımız bunu Azərbaycana tərəddüdsüz  etdilər. Həmin silahların qələbəmizdə nə qədər payı olduğunu hər kəs gördü. Bu gün Amerika Azərbaycanı tərksilah etmək üçün min bir kələk işlədir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ABŞ-ın Türkiyədən tələbi qeri-etikdir və heç bir çərçivəyə sığmır: “Türkiyənin hakim partiyasının sözçüsünün dediyi fikirlər şok effekti yaradıb. Onun Vaşinqtondan Ankaraya edilən təklif barədə dedikləri ABŞ-ın iç üzünü göstərib, onu bütün dünyada ifşa edib. Yəni, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb. Əslində ABŞ Türkiyəyə F16-ları verməmək üçün bu şərtləri irəli sürür. Bilir ki, Türkiyə heç vaxt Azərbaycandan əlini çəkməz, qardaşını tək qoymaz. Bu, bir Amerika siyasətidir. F16-ların Türkiyəyə satılmaması üçün bəhanələrdən biridir. ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluq Prezident İlham Əliyevlə Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı da hiss edilib. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Rəsmi Bakının ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Beləliklə, Vaşinqtonda elə hesab edirdilər ki, Azərbaycanla istədiyi dildə danışa biləcəklər. Amma alınmadı”.