27 noyabr 2023 16:45
266

Azərbaycanla İraq arasındakı münasibətlər qədim köklərə malikdir

 

Ölkəmizlə İraq arasında diplomatik münasibətlər 30 mart 1992-ci ildə qurulub. Məhz həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna yüksəldilib. Bu illər ərzində ölkələrimiz arasındakı əlaqələr müntəzəm xarakterə malik olub. Bunun nəticəsi olaraq 2016-cı ilin oktyabrında Azərbaycanın Bağdad şəhərində səfirliyi fəaliyyətə başlayıb. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20 –də   Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcəkdir. Səfər çərçivəsində  ölkə başçılarının təkbətək və nümayəndə heyətləri ilə keçirilən görüşlərində bir sıra məsələlərin müzakirə edilməsi ölkələrarası əməkdaşlıqda yeni imkanlar açacaq. Azərbaycanla İraq arasındakı münasibətlər qədim köklərə malikdir və iki ölkəni mədəni və dini dəyərlər birləşdirir. Eyni zamanda Azərbaycanla İraq beynəlxalq platformalarda da bir-birini hər zaman dəstəkləyir. Bu, ölkəmizə geosiyasi və iqtisadi əlaqələrin qurulmasında önəmli fakt kimi qəbul edilir.

Çox mühüm hadisədir ki, Azərbaycanla İraq bir-birinə dəstək verməklə də gündəmə gəlirlər. Xüsusilə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bu iki ölkə hər zaman bir-birilərinin haqq işlərinə dəstək olurlar. İraq prezidentinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü, verilən bəyanatlar vacib əhəmiyyətə malikdir. Burada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etməsi ilə nəticələnən regionda yaranmış yeni reallıq və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının hazırıkı vəziyyəti ilə bağlı ifadə edilən fikirlər olduqca önəmli idi. Sözsüz ki, İraq prezidentinin bu səfəri diplomatik əlaqələr tarixində Azərbaycana ilk rəsmi səfəri oldu. Bu amil ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə, əməkdaşlığın daha geniş spektorda inkişafına təkan verəcək.  İraq prezidenti ilə birlikdə verilən bəyanatda da ölkəmizin başçısı Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü təmin etdiyini bir daha vurğuladı.

Dövlətimizin başçısı 30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanılmasına baxmayaraq beynəlxalq birliyin heç bir təsirli addım olmadığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ərazilərinin müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan tərəfindən işğalda saxlamaq niyyətinin olduğunu söyləyib. Məhz işğala son qoymaq üçün formalaşmış olan ATƏT-in Minsk qrupu 28 il ərzində bir addım belə irəliləyişə nail olmayıb. Bu reallığa adekvat olaraq Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını bəyan edərək, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə özünün beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi yolla azad edib. Bununla ölkəmiz BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə tanınmış hüququndan istifadə edərək ərazi bütövlüyünə nail olub. Daha sonra dövlətimizin başçısı antiterror əməliyyatları haqqında məlumat verərək qeyd etdi: “Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır. Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə, hər yerdə dalğalanır. Vətən Müharibəsində öz qüdrəti və humanistliyi ilə tarix yazan Qalib Azərbaycan Ordusu, həm də dünya ölkələrinə nümunə olacaq antiterror əməliyyatları həyata keçirdi.”

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə bu səfəri İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıqlar üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlərdə də bu aydın şəkildə görünür. Qeyd edək ki,  bir çox sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması  bu səfərin əhəmiyyətini göstərir. Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri