27 noyabr 2023 13:23
242

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

Azərbaycan xalqı əsrlər boyu öz tarixinə, milli ruhuna, milli adət- ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlayaraq nəsillərdən - nəsillərə yetirmişdir. Bu illər ərzində xalqımız başına gəlmiş bəlaların, müsibətlərin, hamısından öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir

Ulu öndər deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Keçmişini bilməyən bir millət tarixi yaddaşını, qan yaddaşını unutmuş, milli kimliyini itirmiş sayılır. Bu mənada xalqımızın milli-mənəvi dəyərlərini, o cümlədən vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə məhəbbətlə yanaşmağı həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Hər birimiz Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyevdən danışanda Azərbaycanı düşünür, gözlərimizin önündə onu canlandırırıq. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndərin adı ilə bağlıdır.

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə 18 oktyabr 1998-ci ildə keçirilmiş andiçmə mərasimindəki nitqində milli - mənəvi dəyərlərimizin qorunub saxlanılmasınıən vacibliyini diqqətə çatdıraraq demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaq.

Müdrik şəxsiyyət azərbaycançılıq ideologiyasının formalaşdırılması, milli adət-ənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoydu. Məhz ulu öndərin müdrikliyi sayəsində azərbaycançılıq ideologiyası mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər keçirdiyi görüşlərdə deyirdi ki, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.

Ümummilli liderimizin böyük uzaqgörənliyi nəticəsində Azərbaycan uğurlu bir inkişaf yolu keçmiş və böyük nailiyyətlər əldə etmişdir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Qeyd olunan istiqamətdə görulən işlərin ən vaciblərdən biri 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı idi. Bu Qurultay xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay soydaşlarımızın milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu. Həmin tarixi tədbirdəki çıxışında Heydər Əliyev  dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi ilə bağlı fikirlərini söyləmişdi.

Bu gün azərbaycançılıq ideologiyası ölkənin inkişafının ideya əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideologiya və strategiyası təşkil edir. Milli ideologiyamızın əhəmiyyətini xalqımız daha çox İkinci  Qarabağ müharibəsi zamanı gördü. Qısa zamanda hər bir azərbaycanlı öz torpağlarını işğaldan azad etmək üçün səfərbər oldu. Vətən müharibəsi dövründə ölkədə yaşayan bütün xalqların nümayəndələri torpaq uğrunda canından keçdi. Xalq öz lideri ətrafında yumruq kimi birləşdi və öz gücünü göstərdi. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.

Firuzə Sevxanova,
([email protected])