26 noyabr 2023 13:46
234

Gənclər strategiyası

Gənclərin inkişafı hər bir ölkənin ictimai və iqtisadi səviyyədə irəliləyə biləcəyi ən önəmli sahələrdən biri kimi qiymətləndirilir. Azərbaycan son illərdə gənclərə yönəlmiş sosial inkişaf strategiya və proqramları ilə diqqəti cəlb etmiş və bu sahədə ciddi nailiyyətlər qazanmışdır. Bütün bunların əsas məqsədi gənclərin potensiallarını artırmaq, təhsil imkanlarını genişləndirmək və onları sosial fəaliyyətin bir hissəsi halına gətirməkdir. İnkişaf edən generasiyanın müasir texnologiyalar və beynəlxalq standartlarla bağlı olması üçün təhsil proqramlarının modernləşdirilməsi, elmi-texniki sahədə bacarıqların artırılması üçün təlimatların təşkil edilməsi, təcrübə, mübadilə proqramlarının sürətləndirilməsi kimi addımlar atılmaqdadır.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra gənclərin inkişafı ölkənin milli prioritetinə çevrilmişdir. Bu baxımdan deyə bilərik ki, ölkədə uğurlu gənclər siyasətinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə - 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu Öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-cı ildə gənclərin 1-ci Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu Öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Bütün bu addımlar gənclərin kadr potenisalının, ölkənin xarici arenada mövqeyinin gücləndirilməsi  və daxili strukturların inkişafı üçün məqsədyönlü xarakter daşıyırdı.

 Ümumilli Lider Heydər Əliyevin əsasının qoyduğu siyasət, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin yaxın tərəfdaşı və dəstəkçisi olan Prezident, nəinki təhsil və elm sahəsində, eyni zamanda gənclərin şəxsi bacarıqlarının, yaradıcılıq nümunələrinin üzə çıxarılması üçün bu sahədə müəyyən proqram və sərəncamlar qəbul etdi. Belə ki, 2015-ci il 26 yanvar tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”  adlı Sərəncamı bunun bariz nümunəsidir. Sərəncama əsasən, gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların istitusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır. Strategiyanın əsas vəzifələrinə isə, ümumiləşdirilmiş şəkildə ifadə etsək, gənclər forumlarının təşkili və keçirilməsi barədə gənclərlə məsləhətləşmələr aparmaq, gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclərin işsizlik problemlərinin həlli ilə bağlı mütəmadi olaraq sosioloji tədqiqatlar aparmaq kimi addımlar daxildir.

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı” Sərəncamını həm ölkəmiz, həm də gənclərimiz adına digər bir uğurlu addım kimi qiymətləndirmək olar. Dövlət Proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla onların müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik, bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Nəticə etibarı ilə deyə bilərik ki, Ümumilli Lider Heydər Əliyevin əsasını qoyduğu  və Prezident İlham Əliyevin genişləndirdiyi layihələr gənclərə təhsil, səhiyyə, idman və iş sahələrində daha geniş imkanlar yaratmış və bu da onların inkişafına böyük dəstək olmuşdur. Bu inkişaf nəinki gənclərin şəxsi inkişafına təsir edir, eyni zamanda Azərbaycanın gələcəyinə yön verən potensialı artırmaqda da əhəmiyyətli rol oynayır.

Pərviz Həsənli,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, magistratura, 1-ci kurs,
[email protected]