27 noyabr 2023 13:44
506

Azərbaycan sülhə hazırdır

Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə fəal və səmərəli xarici siyasət kursu yürüdür. Eyni zamanda ölkəmiz beynəlxalq və regional əməkdaşlığa da əvəzsiz töhvələr verməkdədir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan iki qitə arasında mühüm körpü rolunu oynayır. Ölkəmizin regional iqtisadi layihələrdə aparıcı mövqeyə malik olması iqtisadi inkişafımıza da əvəzsiz töhvələr verir. Qeyd olunanlar dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Respublikasının atdığı bütün addımlar beynəlxalq hüquq prinsiplərinə əsaslanır və region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlıgı daha da dərinləşdirir.

Azərbaycanın belə səmimi mövqe sərgiləməsi yaxın, uzaq dövlətlər üçün ölkəmizi xeyli cəlbedici etmişdir. Ölkəmizə davamlı səfərlər edən xarici dövlətlərin başçıları da bizimlə əməkdaşlığa xüsusi önəm verdiklərini xüsusi vurğulayırlar. Belə diqqətçəkən səfərlərdən biri 20 noyabr 2023-cü ildə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid tərəfindən ölkəmizə edildi. Eyni regionu təmsil edən dövlətlər olmaqla yanışı, həm də ölkələrimiz arasında kifayət qədər tarixi bağlılıqlar da vardır. Azərbaycan İraq əlaqələrinin dərin kökləri mövcuddur.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin 20 noyabr 2023-cü ildə ölkəmizə reallaşan səfəri ilə əlaqədar ölkə başçımız Cənab İlham Əliyev mətbuata bəyanat verdi və Azərbaycan dövlətinin bəzi məsələrlə bağlı qəti mövqeyini ortaya qoydu. Dövlət başçımız tarixə ekskurs edərək bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal edən Ermənistan torpaqlarımızı 30 illik müddətdə işğala məruz qoydu. Daha sonra dövlət başçımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və regionda yaratdığımız yeni reallıqlarla bağlı mənzərəni mətbuat nümayəndələri ilə bölüşdü.

Cənab İlham Əliyev Fransa dövlətinin müstəmləkəçilik siyasətini tənqid edərək, müasir dövrdə bunun yolverilməz olduğunu vurğuladı. Dövlət başçımız əlavə etdi ki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycan sülhə hazırdır. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. İstər Fransa olsun, istərsə də qeyri birisi, heç kim Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə  İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumları imzalandı. Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş də iki ölkə rəsmiləri tərəfindən imzalandı və sənədlərə əlavə edildi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan – İraq əlaqələri artıq keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi