26 noyabr 2023 11:14
200

Diplomatik əlaqələr tarixi boyunca  İraq prezidentinin Azərbaycana  ilk rəsmi səfəri

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik, birlik nümayiş etdirib. Beynəlxalq səviyyədə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyib, ərazi bütövlüyünü müdafiə edib. Tariximizə nəzər salsaq görərik ki, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır.

2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 31 oktyabr 2008-ci il tarixində yaradılmışdır. Bakı və Bəsrə şəhərləri qardaşlaşmış şəhərlərdir. Məlum olduğu kimi bir neçə gün öncə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edib. Bəli, həqiqətən də bu səfərin tarixi əhəmiyyəti vardır. Çünki bu İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Səfər çərçivəsində cari ilin noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.Möhtərəm Prezidentimiz çıxışında İraq Respublikası ilə olan möhkəm dostluq əlaqələrindən bəhs edərək, bir sıra tarixi faktları da ictimaiyyətin diqqətinə çatdırdı.

Ermənistanın vaxtilə təqribən 20% torpaqlarımızı işğal etməsi və Qarabağ məsələsi ilə əlaqədar fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun bu işin həllində heç bir müsbət addım atmaması, həmçinin BMT-nin qətnamələrinin sadəcə kağız üzərində 30 ilə yaxın müddətdə qalması tarixi həqiqətlərdir Bu gün Azərbaycan suveren və ərazi bütövlüyünü tam şəkildə təmin etmiş dövlətdir. Bu gün Ermənistan tərəfi sülh təklifimizi qəbul etməkdən yayınır Cənab Prezidentin söylədiyi kimi Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Bəli, heç bir qüvvə bizim suveren hüquqlarımızı poza bilməz. Ərazi bütövlüyümüz vahiddir, toxunulmazdır və bölünməzdir. Ermənistan tərəfi regionda davamlı sülhün olması üçün bizim konstruktiv mövqeyimizlə razılaşmalıdır, sülh təklifini qəbul etməlidir. Əks hal onlara zərər verəcək. 

Azərbaycan İraqla iqtisadi, ticari, turizm və digər bir çox mühüm sferalarda əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıdır.İnanırıq ki,bundan sonra da iki dost ölkə arasında əlaqələr daha da güclənəcək.Bu faktdır ki, Azərbaycan Prezidentinin apardığı müdrik siyasət ölkəmizin milli maraqlarını layiqincə təmin edir. Eyni zamanda bu müdrik siyasət beynəlxalq hüquq normalarına, haqq-ədalətə tam uyğundur. Hər kəs şahid olur ki, bizim konstruktiv mövqeyimiz və güclü siyasətimiz bütün dünyada sülhə çağırış edir.

Cəmilət Əliqayeva,
Bakı şəhəri, Xətai rayonu 165№-li tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü