26 noyabr 2023 11:11
194

Azərbaycan-İraq ikitərəfli münasibətləri yeni mərhələdə

İraq və Azərbaycan qədim tarixi, mədəni, dini və digər ortaq dəyərlərə malik ölkələrdir. İslam dini hər iki xalqı eyni dini birlik çərçivəsində birləşdirmişdir. İraq Azərbaycan mədəniyyətinin inkişafında müəyyən zamanlar mühüm rol oynamışdır.Azərbaycan türkdilli ədəbiyyatının ən nəhəng siması Məhəmməd Füzuli Bağdadda yaşayıb-yaratmışdır.Azərbaycan şairləri, alimləri  ərəb ədəbiyyatının, dilçilik elminin inkişafında mühüm rol oynamışdır.Həmin əlaqələr bu və ya digər dövrlərdə davam etmişdir. Azərbaycan Sovet Rusiyası tərəfindən yenidən işğal olunduqdan sonra həmin əlaqələr zəifləsə də, tamamilə qırılmamışdır. Sovet hakimiyyəti illərində Azərbaycan-İraq əlaqələrinin davam etdiyinin göstəricilərindən, həmçinin SSRİ-İraq əlaqələrində Azərbaycan yerinə verilən əhəmiyyətin göstəricilərindən biri o zaman Bakıda İraq Respublikasının diplomatik nümayəndəliyinin-Baş Konsulluğunun fəaliyyət göstərməsi idi.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlanmışdır. İraq Respublikası 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımış, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qədər qaldırılmışdır.

İraq beynəlxalq təşkilatlar , xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləmişdir.

1994-cü ilin 21 oktyabr tarixində Bağdadda Azərbaycan və İraq respublikalarının Mədəniyyət və İnformatika nazirlikləri arasında saziş imzalanmışdır.

2001-ci ilin 12-16 fevral tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükur Paşazadənin rəhbərlik etdiyi 35 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti humanitar yardımla yüklənmiş təyyarə ilə İraqa səfər etmişdir.

2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təqdim etdiyi “İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair” qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə İraq Azərbaycanın mövqeyini dəstəkləmişdir. İraq Respublikası nümayəndələri Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirdilər.2008-ci ilin sentyabr tarixində İraq gənclər və idman naziri Cəsim Məhəmməd Cəfər “YES Azərbaycan-2008” sammitində iştirak etmişdir.

31 oktyabr 2008-ci il tarixində Azərbaycan-İraq parlamantlərarası əlaqələr üzrə işçi qrupu yaradılmış və ilk rəhbəri İlham Məmmədov olmuşdur.

2010-ci ilin 10-11 noyabr tarixlərində İraq ticarət naziri Şəfaəddin Məhəmməd əl-Şafinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.Səfər zamanı Şəfaəddin Məhəmməd əl-Şafi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşmüşdür.Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası höküməti arasında ticarət , iqtisadi , elmi, texniki və mədəni əməkdaşlıq haqqında saziş” imzalanmışdır.

20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Höküməti və İraq respublikası Höküməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökümətlərarası Birgə komissiya  yaradılmışdır.

2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökümətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.

2018-ci il 30 oktyabr tarixindən etibarən Azərbaycanda “İraq Hava Yolları”nın Azərbaycandakı fillialı fəaliyyət göstərməkdədir.Fillialın Azərbaycanda açılması İraqdan Azərbaycana gələn turistlərin sayının artması ilə bağlıdır. İki ölkə arasında həmçinin “diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi” haqqında saziş imzalanmışdır.

20 noyabr 2023-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi keçirilmişdir.Azərbaycan Respublikası və İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Bakıda imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafına öz töhfəsini vermiş olacaqdır.

İki ölkə  arasında münasibətlərə nəzərə salsaq görərik ki, İraq ilə Azərbaycan Respublikası arasında siyasi münasibətlər müsbət qiymətləndirilə bilər. Hər iki ölka arasında iqtisadi  münasibətlər genişlənmək və inkişaf etmək potensialına malikdir. Hazırda iki ölkə arasında əlaqələr əsasən elm, təhsil, mədəniyyət səhalərini əhatə edir.Azərbaycan Respublikası və İraq Respublikası arasındakı münasibətlərin inkişafı hər iki ölkənin gələcək həyatında mühüm rol oynayır. Bu əlaqələrin daim yenilənməsi və inkişafı üçün həyata keçirilən tədbirlər iki dost dövlət üçün böyük önəm kəsb edir.

            Bakı şəhəri, Xətai rayonu 165№-li tam orta                                                          məktəbin tarix müəllimi Abasova Qızxanım Balahüseyn qızı