26 noyabr 2023 11:02
265

Azərbaycan- İraq siyasi məsləhətləşmələr barədə Anlaşma memorandumunun perspektivləri nə vəd edir?

İraq Prezidenti Əbdüllətif Camal Rəşid 2023-cü il noyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi qələbəmizdən sonra ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edək ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzaladılar.

Ümumiyyətlə götürdükdə, Azərbaycan – İraq əlaqələrinin tarixindən söz açmağa lüzum yoxdur: “Bu əlaqələrin tarixi zəmanənin özü qədər qədim dövrlərə gedib çıxır və təbii olaraq dəyişən zəmanənin tələblərindən doğan zərurətlə yenilənməyə ehtiyacı vardır. Hətta Sovet İttifaqı dönəmində də İraq dövlətinin Bakıda konsulluğunun fəaliyyət göstərməsi Azərbaycan– İraq münasibətlərinə nə qədər önəm verilməsini özündə əks etdirirdi.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib. Hər iki ölkə rəhbərliyinin və rəsmilərinin qarşılıqlı səfərləri və dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirən hadisə olaraq dəyərləndirilməlidir.

Bundan savayı, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası münasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması mərasimi keçirilib.

Hər iki tərəfi təmsil edən qurumlar – sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanmışdır ki, bu da gələcəkdə hər iki ölkə arasında inkişafına daha da diqqət ayrılmasını özündə əks etdirən sahələrdir. Bundan əlavə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar ki, bu da regionda baş verən hadisələrə münasibətin birlikdə işlənilib hazırlanaraq razılaşdırılması anlamını vermis olur”.

Gülnar İmanova,
Bakı şəhəri, Xətai rayonu 165№-li tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü