25 noyabr 2023 00:45
315

Ədalət qatilləri

Əli Kərimli və ətrafı «Human Rights Watch» və «Sərhədsiz Reportyorlar»ın yalan ortaqlarıdır

Biz dəfələrlə yazmışıq ki, AXCP sədri Əli Kərimli və onun trolları antimilli  fəaliyyətləri ilə düşmən dəyirmanına su tökürlər.  Diqqət etsək görərik ki, həmişə Azərbaycana ikili standartlarla yanaşan və ölkəmizin Qarabağdakı hərbi qələbələrini qısqanclıqla qarşılayan  «Human Rights Watch» (HRW) və onun kimi ermənipərəst beynəlxalq təşkilatlarla AXCP-çilərin mövqeyi bir çox hallarda uyğun gəlir.

Hətta AXCP sədri onlardan yeni-yeni təlimatlar alaraq dövlətimizə qarşı böhtan və yalanlar da uydururlar.  Məsələn, ötən günlərdə  bu təşkilat «Abzas Media» müstəqil nəşrinin icraçı direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının və direktor müavini Məhəmməd Kekalovun həbslərinin guya korrupsiya hallarını araşdırdıqları üçün reallaşdığını bildiriblər. Xüsusilə  «Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor köməkçisi Georgi Qoqia bildirib ki, Həsənli, Vaqifqızı və Kekalovun həbsləri qeyri-qanunidir və  onlar dərhal azad edilməlidir.

Məhz «Human Rights Watch» və «Sərhədsiz Reportyorlar» təşkilatlarının saxta bəyanatlarının eynisini sosial şəbəkələrdə tirajlayan cəbhəçilər də  Azərbaycan dövlətinin nüfuzuna kölgə salmağa çalışırlar. Burada maraqlı məqam ondadır ki, «Abzas Media» saytının əməkdaşlarının həbsindən  30 dəqiqə sonra «Sərhədsiz Reportyorlar» artıq bu barədə bəyanat verib. Anlaşılan odur ki, bütün bunlar ölkəmizə qarşı əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasıdır ki, onun da geniş yayılmasında dağıdıcı müxalifət xüsusi canfəşanlıq edir.

Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan formalaşmalıdır. Əgər bunların heç biri yoxdursa, bəs «Abzas Media»nın maliyyə mənbəyi haradan formalaşır? Demək elə ən böyük korrupsiya hallına yol verən bu saytın rəhbərləridir. Görünən odur ki, onların heç bir şəffaf maliyyə qaynağı yoxdur. Əgər stabil maliyyə qaynağı yoxdursa, redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı fondu, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsait hansı mənbədən ödənilir?

O da məlumdur ki, bu sayt  ölkədəki KİV-lərdən daha təminatlıdır. Onun rəhbərləri tez- tez xarici ölkələrə səfərlər edirlər. Sual olunur: onların bu bahalı səfərlərini kim maliyyələşdirir? Həmçinin hüquq-mühafizə orqanlarının saytın redaksiyasından götürüb sənədləşdirdikləri 40 min avro haradandır?

Bax, Azərbaycanın hüquq-mühafizə orqanları bu çirkli maliyyənin qaynağını tapmağa çalışır. Ancaq nə «Abzas Media»nın sahibləri, nə də onun müdafiəçiləri bu suallara cavab verə bilmirlər. Çünki onlar fəaliyyətlərində şəffaf deyillər. Onları maliyyələşdirən donorlar da hesabat verməlidirlər. Yəni, açıq şəkildə etiraf etməlidirlər ki, bu qədər vəsaiti bu sayta nə üçün ödəyirlər?

Əksinə «Abzas Media»nın guya «müstəqil KİV qurumu olduğunu, direktor Ülvi Həsənlinin də məhz «həqiqəti yazdığına görə həbs edildiyini» bildirirlər. Burada haqlı sual yaranır: özü korrupsiya və rüşvət içində batmış, qeyri-leqal fondlardan maliyyələşən bir sayt  korrupsiya hallarını necə araşdıra bilər? Axı biz əvvəldə yazmışdıq ki, KİV qurumunun müstəqil fəaliyyət göstərdiyini ehtiva edən əlamətlərin heç biri bu saytda yoxdur.

Elçin Zaman, «İki sahil»