24 noyabr 2023 17:03
324

Azad edilən Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır

Kəlbəcər rayonu həmişə  mərdlər, igidlər oylağı olmuşdur. Həm də bu yurd mərd oğulları ilə tanınıb. Təəsssüf  ki, sovetlər birliyinin dağılmasından sonra mənfur qonşuların  illər uzunu yeritdiyi məkrli siyasət bu gözəl diyardan da yan keçmədi. Müstəqilliyimizin möhkəmlənməmiş, dövlətçiliyin zəif vaxtında amansız düşmən havadarlarının köməyi ilə Kəlbəcəri işğal etdi. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran cənab Prezident İlham Əliyev  qeyd etmişdir ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən strateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Kəlbəcərin işğalı nəticəsində on minlərlə soydaşımız məcburi köçkünə çevrilmişdi.  İllərdir tor­paqlarımızı işğal altında  saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Noyabrın 25-də Kəlbəcər  rayonu  artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Ərazi və təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edilməsi tarixi hadisə idi.  2020-ci ilin noyabrında təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Bəli, azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurub yaratmağı  sevir. Bu sevgiylə Vətən məhəbbəti, qurub yaratmaq əzmi də qayıdıb Kəlbəcərə.

Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi  Müzəffər Ali Baş Komandan tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş qəhrəmanlarımıza göstərilən ali diqqətin təzahürüdür. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Erməni işğalından azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır. Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfəri mühüm əhəmiyyət kəsb edib. Artıq Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Rayonun enerji potensialını nəzərə alınmaqla “Çıraq-1”, “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları qurulub. Kəlbəcərə dağlıq coğrafi mövqeyini nəzərə alınaraq hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri