24 noyabr 2023 09:05
165

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

44 günlük müharibədən sonra qazandığı zəfər dövlətimizin xarici siyasəti qarşısında yeni vəzifələr qoydu. Belə ki, təcavüskar Ermənistan üzərində qələbə qazansaq da, hələ də beynəlxalq aləmdə Azərbaycanın bu qələbəsini gözü götürməyənlər var. Erməni lobbisini və diasporunun Fransa, ABŞ və s. dövlətlərdə qaralama kampaniyası ölkəmizə qarşı yönəlib. Bu səbəbdən də cənab Prezident  İlham Əliyevin tərəfindən uğurla həyata keçirilən Azərbaycan Respublikasının xarici siyasəti beynəlxalq aləmdə ölkənin strateji tərəfdarlarının sayını artırmağa yönəldilmişdir. Ərəb dövlətləri ilə son illərdə qurulan əməkdaşlıq xətti respublikanın beynəlxalq siyasətinin əsas istiqamətlərindən birinə çevrilməkdədir. Bu dövlətlərdən biri İraq dövlətidir. 1958-ci ildə respublika elan olunan İraq Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olmuşdur.

 1992-ci il yanvarın 2-də İraq Azərbaycanın dövlət müstəqilliyini tanımış və hər iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdu. 1992-ci ildə İraqın Bakıdakı Baş Konsulluğu Səfirlik statusuna qaldırılmışdı. Lakin bildiyimiz kimi, ötən əsrin 90-cı illəri İraq dövləti üçün çətin və qeyri-sabit  bir dövr idi. Diplomatik münasibətlərin inkişafında müəyyən əngəllər var idi. Azərbaycanın bu ölkədə səfirliyinin yaradılması da bir qədər geçikmişdi. Nəhayət, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 

Bu il noyabr ayının 20 -də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfər etmişdi. Bu iki ölkə arasında diplomatik əlaqələr tarixində İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər imzalandı. Bunlar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”və “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”dən ibarətdir. İmzalanan sənədlər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcından xəbər verir.

Hicran Quliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122 " ünvanı üzrə ərazi partiya təşkilatının üzvü