24 noyabr 2023 13:12
478

Görülən işlər xalqımızı sevindirir

Zəngin yeraltı və yerüstü sərvətlər bəxş edən Uca Tanrı saysız-hesabsız təbii gözəllikləri də torpağımızdan əsirgəməmişdir. Böyük Qafqaz, Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən meşələrimiz, çaylarımız, təbii bulaqlarımız vətənimizin torpaqlarına əsrarəngiz gözəllik bəxş edir. Elə bunun nəticəsidir ki, zəngin və gözəl Azərbaycan torpağı yadelli işğalçıların diqqətini cəlb etmişdir. Tarix boyu Vətən torpaqlarımız dəfələrlə yadelli hücumlara və işğallara məruz qalmışdır. Sovet imperiyasının çöküşündən yararlanan erməni millətçiləri torpaqlarımıza qarşı hərbi təcavüz edərək, 1988-1994-cü illər ərzində 20%-ə yaxın ərazilərimizi işğal etmiş və 30 ilə yaxın bu torpaqları işğal altında saxlamışdılar. 27 sentyabr 2020-ci ildə erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini tarixi Zəfərimizlə sona çatdırdı. Gözəl Qarabağımız və füsünkar Şərqi Zəngəzurumuz düşmən tapdağından azad edildi. 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atan Ermənistan Ağdamı, Laçını və Kəlbəcəri hərbi əməliyyatlar aparılmadan Azərbaycana təhvil verdi. 25 noyabr 2020-ci ildə Kəlbəcərə Azərbaycan Ordusunun bölmələrinin daxil olması əlamətdar hadisə kimi tariximizdə qalacaq. Artıq 25 noyabr - Kəlbəcər şəhəri günü kimi xalqımız tərəfindən qürurla qeyd edilir.

Kəlbəcərlilərin öz doğma yurdlarına qayıdışını təşkil etmək baxımından Azərbaycan dövləti bütün lazımi addımları atır. Təkcə Kəlbəcər şəhərində deyil, eyni zamanda rayonun kəndlərində də əhalinin məskunlaşdırılması üçün ciddi və planlı işlər intensiv davam etdirilir. Rayonun Yanşaq kəndində ümumilikdə 421, Zallar kəndində isə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Kəlbəcər rayonunun enerji potensialı da kifayət qədər yüksəkdir. Dövlət başçımızın iştirakı ilə açılışı reallaşan “Kəlbəcər-1”, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2” “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyaları  Kəlbəcər rayonunun enerji potensialına kifayət qədər samballı töhvələr verəcək. Eyni zamanda ölkə başçımız Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi də tam sürətlə davam etdirilir. Bütün bu görülən işlər hər bir vətənpərvər soydaşımız tərəfindən böyük sevinc, fərəh hissi ilə qarşılanır və xalqımızı ürəkdən sevindirir. Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Təsadüfi deyildir ki, 2021-2023-cü illər ərzində ölkə başçımız Kəlbəcərə beş dəfə səfər etmişdir. Bu səfərlər zamanı Cənab İlham Əliyev Azərbaycan bayrağının ucaldılması, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik və Kəlbəcər-Laçın Avtomobil yolu üzərində tikiləcək 3,4 kilometrlik tunelin təməlqoyma mərasimlərində yaxından iştirak etmişdir. O cümlədən, Kəlbəcər rayonununda vacib səhiyyə, təhsil obyektlərinin də təməlqoyma mərasimləri ölkə başçımızın yaxından iştirakı ilə reallaşdırılmışdır.

Kəlbəcər rayonunun zəngin turizm potensialına malik olduğunu da xüsusi vurğulamalıyıq. Rayon tarixi abidləri ilə, o cümlədən də alban abidələri ilə zəngindir. İqtisadçı ekspertlərin hesablamaları göstərir ki, bu sahədən də əldə edilən gəlirlər Azərbaycan Respublikasının büdcəsinə layiqli töhvələr verəcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini