23 noyabr 2023 20:54
223

Sülh danışıqları dalanda - ŞƏRH

Qərbin ziyanlı təmənnaları, Əliyevin unikal gedişi...

Ermənistanın Azərbaycanla vasitəçilərsiz sülh sazişi  danışıqlarına gedəcəyi öncədən şübhəli görünürdü. Noyabrın 30- da sərhədin hansısa nöqtəsində  delimitasiya- demarkasiya üzrə danışıqların olacağı barədə xəbərlər yayılanda bəzi ümidlər yaranmışdı ki, Ermənistan sülh sazişi üzrə danışıqlara gəlməyə qərar verib. Əslində isə Ermənistanın 30 noyabrda Azərbaycanın  görüş təşəbbüsünə müsbət cavab verməsi sülh sazişi üzrə danışığa yox, sərhəd məsələlərinə dair danışıqlara razılıq verməsindən başqa bir şey deyil. O da hələ baş tuta, tutmaya...Sərhəd danışıqları hələ sülh sazişi  danışıqları demək deyil.Öz növbəsində Azərbaycanın sülh danışıqları barədə təklif və təşəbbüsləri də təkcə sərhəd danışıqlarına  çağırış  demək  deyil.Məntiqi olaraq bu da qəti aydındır ki, Ermənistanın sülh sazişi danışıqlarına razılıq verməsi və sərhəd danışıqlarına razı olması bir- birindən fərqli şeylərdi.Ermənistan sərhəd danışıqlarına razılıq verməkdə o qədər  çətinlik çəkmir, halbuki sülh sazişi danışıqlarına  "can çəkə- çəkə" gəlir. Çünki o, sülh sazişi danışıqlarının baş tutmamasında maraqlıdır, çalışır ki, hətta sülh danışıqları baş tutduğu halda belə yekunlaşmasın  və qeyri-müəyyən vaxta  qədər  uzansın.

Ermənistan sərhəd delimitasiya danışıqlarının çox uzun sürəcək bir proses olduğunu yaxşı bilir. Bu növ danışıqlara dərhal razılıq verməklə həm özünü konstruktiv  tərəf kimi göstərmək fürsəti tapır, həm də  heç kimin onu danışıqları tez yekunlaşdırmağa tələsdirməyəcəyini bilir. Hamı görür ki, sərhədlərin delimitasiyası hər metr xəttin müzakirəsi deməkdir, çətin prosesdir, tez bitməyəcək və illərlə davam edəcək. Azərbaycan-Ermənistan sərhəddi Nigerlə Çadın sərhəddi deyil ki, hər yerdə düz xətt üstündən keçsin və diplomatlar xətkeşi bu yandan qoyub o yandan çıxsınlar. Ermənistan sərhəd danışıqlarına nisbətən asan razılıq verməklə həm də bu yolla sülh sazişi danışıqlarının başlanmasını  uzatmaq istəyir. Ermənistanın hərdən "sülh sazişi delimitasiya razılaşmasından sonra imzalansın" kimi bəyanatları təsadüfi deyil.

Hazırda Ermənistanın əsas məqsədi sülh sazişi danışıqlarının mümkün qədər gecikdirilməsi və bu istiqamətdə görüşlərin pozulmasıdır. Bu mənada ermənilər sərhəd delimitasiya təklifinə asan razılaşmaqla həm saziş danışıqlarından diqqəti yayındırmağa çalışır, həm də "biz konstruktiv tərəfik" deyə bir rəy yaratmaq istəyir.

Ermənistan kakimiyyətinin hazırda  səylərinin yönəldiyi əsas  hədəflərdən biri də sülh sazişi danışıqlarının Moskvada yox, olsa-olsa Brüsseldə və ya Vaşinqtonda keçirilməsini razılaşdırmaqdı. Moskvada həm Rusiyanın, həm də Azərbaycanın təzyiqləri ilə üzləşməkdən çəkinir. Vaşinqton  və Brüsseldə isə özünə müttəfiqlər ,sülh danışıqlarının uzun illər uzadılmasına yetərincə imkanlar görür. Axı Qərb də Ermənistanın özü kimi sülh sazişinin tezliklə imzalanmasını istəmir.Onu da nəzərə almaq lazımdır ki, hazırkı şərtlər daxilində Vaşinqtonda və ya Brüsseldə  sülh danışıqlarının baş tutmasında Azərbaycan maraqlı deyil və ola da bilməz.Azərbaycan Vaşinqton və ya Brüsseldə sülh danışıqlarına necə etimad edə bilər ki, Fransa, ABŞ, Qərb təşkilatları var gücləri ilə Azərbaycana qarşı məqsədyönlü savaş açıblar. Elə bunların nəticəsi oldu ki, Prezident İlham Əliyev haqlı olaraq iki dəfə Qranada və Brüssel görüşlərindən imtina etdi.

Beləliklə, əslində bu gün Azərbaycan- Ermənistan sülh sazişi danışıqlarının dalana girdiyinin  əlamətləri ortadadır. Bunun məsuliyyətini tam olaraq Ermənistan və dostları daşıyır. Sülh danışıqlarının Moskvada keçməsini Ermənistan istəmir, Vaşinqtonda  və Brüsseldə olması isə prinsipcə Azərbaycana sərf etmir. Əlbəttə, vəziyyət çıxışsız  deyil. Əgər Ermənistan konstruktiv ola bilsə, çıxış yolu var. Yetər ki, Azərbaycan- Ermənistan sülh sazişi məsələsinə Qərblə Rusiyanın arasında geosiyasi intriqa mövzusu kimi baxılmasın, sülh gündəliyində əsasən Cənubi Qafqaz regionunun daxili potensiallarına güvənilsin , qeyri- region qüvvələrinin regiona gətirilməsinə pərdəarxası məqsəd kimi baxılmasın. Ermənistan rəhbərliyinin bunu qəbul edəcəyi təəssüf ki, mümkünsüz görünür.

Dalandan başqa çıxış yolu da var. Bir halda ki, nə Moskvada, nə də Qərb paytaxtlarında  danışıqlar variantı mümkün deyil, bu halda istənilən bitərəf məkanda, lakin ikitərəfli danışıqlar variantı ideal çıxış yolu kimi diqqət çəkməkdədir. Bu şansı da ilk olaraq Azərbaycan Prezidenti gördü. Belə ki, Moskvada razılaşmaların əldə olunmasına Qərb  mane oldu, Qərbdə gəlinən razılaşmaları isə Moskva qəbul etmədi. Prezident İlham Əliyev bunu dərhal qeydə aldı və ötən aylarda Tiflis səfəri zamanı Tiflisdə ikitərəfli Bakı-Yerevan danışıqlarının davam etdirilməsini təklif etdi. Ermənistanın istədiyi təqdirdə danışıqların Gürcüstanın vasitəçiliyi ilə ola biləcəyini də istisna etmədi. Bütün "topları"  Ermənistanın qabağına atdı. Lakin gözlənildiyi kimi, Paşinyan bu variantda danışıqlara da məqbul yanaşmadı. Çünki əvvala, sülh danışıqları ümumiyyətlə onun maraqlarında deyil ,ikinci, danışıqların yalnız Brüssel, Vaşinqton və ya Paris variantlarını mümkün hesab edir,üçüncü, Paşinyan Fransanın böyük təsiri altındadır.

Təəssüf ki, bir vaxtlar ikitərəfli danışıqlar variantında çox təkid edən ABŞ-ın da baxışları bu gün dəyişib. ABŞ ikitərəfli danışıqlar variantını əvvəlki mövqedən fərqli olaraq indi elə şərtlər çərçivəsində təşfiq edir ki, çətin baş tuta bilsin. Məsələn, Qarabağ ermənilərinin qayıdışına ayrıca bir status çərçivəsində baxır, rus sülhməramlılarının əvəzlənməsi perspektivindən danışır, Azərbaycandan elə bir konstruktivlik umur ki, süverenliyimizin bir parçasından imtina edək, Paşinyanın mifik  "dünya  kəsişməsi"  layihəsini Zəngəzur dəhlizinin alternativi kimi qəbul edək və sair. Açıq deyilməsə də, Azərbaycandan Ermənistanla birlikdə Rusiyaya qarşı bir oyunun içində olmağı umurlar. "Ermənilərlə konstruktiv ol, süverenliyin bir parçasından çəkil, Rusiyaya qarşı bizimlə müttəfiq ol"-  Qərbin diplomatik ifadələrlə və cürbəcür təzyiqlərlə  hazırda Azərbaycandan almaq və əvəzində "sülh sazişi"  vermək istədiyi bunlardır...Təbii ki, mümkünsüz və bizə düşmən təmənnalardır...

Yekun qənaətə gəlmək olar ki, sülh sazişi danışıqlarının yaxınlarda baş tutmaq ehtimalı çox zəifdir.Yaranmış durumdan nisbətən ən real çıxış yolu olaraq İlham Əliyevin unikal  ikitərəfli danışıqlar   təklifi əleyhinə isə bir neçə tərəfdən təxribatlar var. Sərhəd danışıqları isə hətta baş tutacağı halda tez yekunlaşmaq imkanına  malik deyil..Çünki sərhəd danışıqları özlüyündə mürəkkəb məsələdir, üstəlik Ermənistanın onu bütün əlavə vasitələrlə daha da çətinləşdirəcəyinə şübhə edilmir...

Aydın Quliyev