23 noyabr 2023 16:42
379

Azərbaycan dövləti kəlbəcərlilərin doğma yurdlarına qayıdışı üçün  tikinti- quruculuq işlərini sürətlə davam etdirir

AXC-Müsavat hakimiyyəti dövründə Ermənistanın işğalçı ordusu tərəfindən  işğal edilən Kəlbəcər rayonu 2020-cilin sentyabrın 27-də başlayan və 44 günə şanlı Qələbəmizlə bitən Vətən  müharibəsindən sonra bir güllə atılmadan işğalda azad edilmişdir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermək məcburiyyətində qaldılar. Məlum Bəyanata əsasən Kəlbəcərin Azərbaycan Ordusuna təhvil verilməsi 15 noyabr tarixinə planlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Çünki onlar ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyünə görə qısa müddətdə çıxa bilməyəcəklərini bildirmişdilər. Məhz Azərbaycan dövləti humanistlik göstərərək bu təşəbbüslə razılaşdı.

Bəli, Kəlbəcər rayonu həm ərazicə böyüklüyünə, həm də qədimiliyinə görə fərqlənir. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Rayon ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s. Rayonun geniş zəngin filiz və qeyri-filiz faydalı qazıntıları var. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları, mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür yataqlar kəşf edilib.

Prezident İlham Əliyevin imzaladığı Böyük Qayıdış proqramına uyğun olaraq hazırda işğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri sürətlə davam etdirilir. O cümlədən Kəlbəcərdə ən müasir infrastrukturların yaradılması, rayon mərkəzinin yenidən tikilib abadlaşdırılması sürətlə davam edir. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva davamlı olaraq işğaldan azad olan rayonlarda olaraq oradakı tikinti-quruculuq işləri ilə tanış olurlar, yeni yeni obyektlərin açılışlarında iştirak edirlər. Postmüharibə dövründə ölkəmizin başçısı dəfələrlə Kəlbəcər rayonunda səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Xüsusilə son iki ildə dövlət başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edərək Kəlbəcərə işıqlı və nurlu həyatbəxş edib.

Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərlərində “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin  5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Kəlbəcərdə bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. Eyni zamanda, el suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. Təbii ki, bütün bunlar deməyə əsas verir ki, uzun illərdir yurd həsrəti ilə yaşayan kəlbəcərliləri öz doğma torpaqlarında daha firavan və rahat həyat şəraiti gözləyir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri