24 noyabr 2023 01:37
318

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın Sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi.

Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib: YAP “31 il keçilən keşməkeşli və şərəfli yolun təqdimatıdır. Partiya bütün sınaqlardan şərəflə çıxdı, ilk gündən xalqın partiyası kimi nüfuz qazandı. Buna əsas verən təbii ki, tutduğu yola, əqidəyə sadiqliyi, hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir. YAP müxalifət partiyası kimi yaransa  da heç vaxt dövlətə, dövlətçiliyə müxalifətdə olmadı. Daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərdi.”

Həm Azərbaycan dövlətinə, həm də  YAP-a ləyaqətlə rəhbərlik etməsilə Ulu Öndər Heydər Əliyev partiyanın  nüfuzunu  yüksəltmişdir. Bu partiya 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev  xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçiliblər. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.

Beləliklə, müstəqil Azərbaycanın tarixində  öz üzərinə böyük tarixi missiya götürən  YAP yaradıldı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını  qısa müddət ərzində  cəmiyyətin aparıcı qüvvəsinə  çevirməyi  bacardı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

Ulu Öndər cəmiyyətimizin  aparıcı  siyasi  qüvvəsi olan bu partiyanı qısa zaman kəsiyində inkişaf  etdirdi, özünün dediyi kimi dünənin, bugünün və sabahın partiyası səviyyəsinə yüksəltdi.  Bu dahi insanın yaratdığı  və bizlərə miras qoyduğu bu partiya  ötən illər ərzində ölkəmizdə  siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.  Heydər Əliyev ideyalarına daima sadiq olan partiya milli məfkurənin  əsasını təşkil edən  dövlətçilik,  qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial  ədalət  prinsiplərini  özünün həyat tərzinə çevirmişdir.

Bəli, bu gün də Heydər Əliyev yolu müstəqillik, Azərbaycançılıq, dövlətçilik, demokratiklik, qanunun aliliyi və bəşərilik deməkdir.  Məhz bü çağdaş tendensiyaları və  regionda  yaranmış “yeni reallığı”  nəzərə alan  yeni Proqram YAP İdarə Heyətinin  2021-ci il 29 dekabr iclasında  təsdiq edilmişdir.  Prezident  İlham Əliyevin təbirincə  desək  YAP  Cənubi Qafqazın ən böyük  və ən nüfuzlu partiyasıdır.

Həqiqətən də bu, belədir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi  və həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən müharibəsindəki tarixi Qələbəmizlə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır . Xalqımıza  Zəfər sevincini yaşatdı Müzəffər Ali Baş Komadan . Uzun illər düşmən tapdağında  qalan Vətən torpağı  işğaldan  azad edildi. Prezident İlham Əliyev isə tarixdə Müzəffər sərkərdə kimi qalmağı bacardı. Bu, qələbə  Prezident  İlham Əliyevin  və xalqımızın qələbəsi oldu. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir.

Biz gələcəyə çox böyük nikbinliklə və inamla baxırıq. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının dahi Sərkərdəsi - cənab İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın Sədri vardır.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı