23 noyabr 2023 13:03
285

Azərbaycanla  İraqın dostluq və əməkdaşlıq perspektivlərində yeni inkişaf imkanları mövcuddur

Azərbaycan- İraq dostluğu və iqtisadi əlaqələri bu gün yüksələn xətt üzrə inkişaf edir. Bunun bariz nümunəsi kimi İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20 –də  Azərbaycana rəsmi səfərini və burada iki ölkə arasında imzalanan iqtisadi-mədəni sənədləri göstərmək olar. Öncə qeyd etmək lazımdır ki, iki ölkənin diplomatik əlaqələr tarixi boyunca bu, İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Həmçinin 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri də İraqdır. Belə ki, 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımış və üç ay sonra Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.

Önəmli hadisədir ki, Azərbaycanla İraq  beynəlxalq təsisatlarda bir-birini dəstəkləyərək vahid mövqedən çıxış edirlər. Xüsusilə  BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bu iki ölkə hər zaman bir-birilərinə dəstək verirlər. Hazırda həm Azərbaycan, həm də İraq  özünün yeni inkişaf mərhələsini yaşayırlar.  Eyni zamanda, bu ölkələrin sıx siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac vardır. Məhz bu baxımdan da, Prezident İlham Əliyev deyib: «Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.»

Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir.  Müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması  bu səfərin əhəmiyyətini göstərir.  Azərbaycan  ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli  qarşılıqlı və praqmatik münasibətləri  mövcuddur. İraqla  çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.

Burada diqqət çəkən məsələlərdən biri də İraq Prezidentinin Azərbaycan səfərindən qonşu Ermənistana da səfər etməsidir. Prezident İlham Əliyev bu barədə İraq Prezidentinə xitabən bildirmişdir ki, həm Ermənistan, həm də onu himayə edən Fransa Cənubi Qafqazdakı geosiyasi münaqişələri qızışdırmaqdan çəkinməli və öz yerlərini bilməlidirlər: «Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm».

Ölkəmizin başçısı bildirib ki, Azərbaycan  beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmişdir və ölkəmizin şərtsiz Qələbəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmalıdır: « Azərbaycan öz ərazisində separatizmi məhv etmişdir. Bundan sonra da   hər hansı qanunsuz  separatçı rejimin  yaranmasına imkan verməyəcəkdir…Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Xüsusilə Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır.»

 Ölkəmizin başçısı Fransaya yönəlik sərt mesajında qətiyyətli şəkildə deyib: « Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.»

Təbii ki dövlətimizin rəhbərinin bu mesajı həm Ermənistana, həm də onun şovinsit himayədarı olan Fransaya növbəti dərsdir. Onlar bu dərsdən mütləq şəkildə, həm də yaxşı nəticələr çıxarmalıdırlar. Əks halda olan onlara olacaq.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri