23 noyabr 2023 00:35
308

Çirkli donor pulları üçün ağzı sulananlar

Xarici anti-Azərbaycan dairələr casus şəbəkələrini dağıdıcı müxalifətin və satılmış QHT-lərin hesabına genişləndirmək istəyirlər

Azərbaycan dövləti postsovet məkanında separatçı və terrorçu xuntanın ləğvinə nail olan güclü dövlətdir. Artıq bu önəmli hadisələrdən sevinən çoxsaylı dostlarımız kimi, məyus olan düşmənlərimiz də var. Xüsusilə Qarabağ iqtisadi rayonundakı qondarma rejimin ləğvinə son qoyan Azərbaycan Cənubi Qafqazda prioritetlərini dünyaya elan edib: Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa və regional inkişafa nail olmaq… Lakin 30 il Qarabağ münaqişəsinin nizamlanmasına sözdə vasitəçilik etmiş, əslində isə işğalçı Ermənistana davamlı dəstək vermiş ABŞ isə dövlətimizin  müəyyən etdiyi bu hədəflərə qarşı çıxır.

Təbii ki, bunlar anlaşılandır. Ona görə ki, 2000-ci illərdən postsovet məkanında «rəngli inqilablar»a start verən dövlətdən ancaq belə anormallıq gözləmək olar. Xüsusilə Azərbaycan dövləti işğal olunmuş torpaqlarında suverenliyini bərpa etdikdən sonra Ağ evin ölkəmizə qarşı hədə-qorxu və çirkin təbliğata üstünlük verməsi heç də ədalətli deyil. Ona görə ki, ona qarşı ən böyük əks arqumentimiz 30 ildir ki, öz doğma torpaqlarından silah gücünə didərgin salınan  1 milyon azərbaycanlının hüquqlarının qorunmasına dair bir dəfə də olsun təşəbbüs göstərməməsidir.

Əksinə, Qarabağdakı separatçıların və qanlı xuntanın himayədarı olmuş Ermənistana dəstək verib, ona müxtəlif yardımlar ayırıb.  30 il ikili standartları və riyakar münasibəti öz üzərində hiss edən ölkəmiz təəssüflər olsun ki, bu gün də bu siyasətlə üz-üzədir. ABŞ əlaltısı olan Fransa kimi dövlətlərlə birgə hər vəchlə Cənubi Qafqazda sülhə mane olmağa çalışır. Ermənistanı silahlandırıb onu yeni müharibəyə sürükləyirlər. Hər kəsə bəlli ssenari və plan - Afrikadan tutmuş Yaxın Şərqə kimi xaosun yaranmasında bir dövlət varsa, o da ABŞ-dir. İraq, Suriya, Gürcüstan Ukrayna və s. dövlətlər də rəsmi Vaşinqtonun çirkin və dağıdıcı siyasətinin qurbanlarıdır. Növbəti hədəfi isə deyəsən Ermənistandır.

ABŞ və Fransa hədəflərində olan ölkələri nəzarətdə saxlamaq, onlara təzyiq etmək üçün fərqli üsullardan istifadə edirlər. Onlar daha çox ələ alınmış, satqın   müxalifətçilərdən yararlanmağa çalışırlar. Həmin satqınları  isə «qrant» adı ilə çoxsaylı donor institutlarının və yardım fondlarının əli ilə  maliyyələşdirirlər. Məsələn, bu gün  USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, bizim dağıdıcı müxalifət də onların ən yaxın «tərəfdaşlarıdır»lar. Yəni, anti-Azərbaycan fəaliyyətlərində  AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini də «demokratik inkişafa dəstək vermək» kimi  hallandırırlar. Ancaq əsl həqiqət isə odur ki,  yerli icmaları maddi vəsaitlə şirinikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

Məsələn, son günlər AXCP sədri Əli Kərimli başda olmaqla onun ətrafı yenə də həmin donor maliyyə təşkilatlarının  vasitəsilə anti-milli fəaliyyətlərini genişləndiriblər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bunlardan cuşa gələrək yazır ki, guya  son günlər hakimiyyətin müstəqil mediaya qarşı başlatdığı repressiya dalğası həm də Qərbə yönəlik bir mesajdır: « Qərbin donor fondları ilə əməkdaşlıq edən media və QHT- lər hakimiyyətin nəzərində vətəndaş cəmiyyəti adı ilə pərdələnmiş xarici xüsusi xidmət orqanlarına bağlı  agentura şəbəkəsi hesab olunurlar.»

Bax, burada artıq Fuad Qəhrəmanlı dolayısı ilə boynuna alır ki, ölkədəki bəzi müxalifət lilerləri və QHT-lər Qərbin donor fondları ilə ( əslində onlar daha çox xarici ölkələrə inqilablar və hərbi qarşıdurmalar ixrac  edən «qara kassalar» kimi xarakterizə olunurlar) sıx əməkdaşlıq edirlər.

Bundan başqa, Fuad Qəhrəmanlı yenə də avantüra ilə məşğul olaraq yalanları fakt kimi cəmiyyətə sırımaq istəyir. Axı, Azərbaycanda hansı mətbuata qarşı basqı və təzyiq olub ki, onu da qabartmağa o, belə canfəşanlıq göstərir? Hüquq-mühafizə orqanlarının son açıqlamalarında  bildirilib ki, ölkəmizdə  həbs edilən «jurnalistlər»  ya qaçaqmalçılığa yol verdikləri,  ya da ki, kimlərisə şantaj və təhdid etdikləri üçün həbs olunublar. Əvəzində peşə fəaliyyəti ilə məşğul olan KİV nümayəndələri üçün Azərbaycanda tamamilə demokratik mühit formalaşdırılıb. Bu gün nazirlər, Milli Məclisin deputatları ölkə KİV-ində kifayət qədər tənqid olunurlar.  Təbii ki, tənqidlərinssəmimisi də var,  haqsızı da. Ancaq bunlara rəğmən bir nəfər jurnalist, hətta sosial şəbəkə istifadəçisi bu tənqidlərə görə nə təqib olunub, nədə ki, həbs edilib…

Bəli, bu gün sosial şəbəkələr dağıdıcı müxalifətin ən iyrənc təbliğat və qazanc mənbəyinə çevrilib. Amma xalqın gözü tərəzidir, kimin xaricdəki  anti-Azərbaycan qüvvələrin pullarından ötrü ağzının sulanmasını da, kimin bu Vətən üçün can verməyə hazır olduğunu da aydın görür. Ona görə də ABŞ və onun kimi xarici anti-Azərbaycan qüvvələr  ölkəmizdəki xalq- iqtidar birliyinə, Qarabağdakı son Zəfərlərimizə kölgə sala bilməyəcəklər.

Elçin Zaman, «İki sahil»