22 noyabr 2023 18:12
354

Azərbaycan və İraq müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir - Kamran Bayramov

"Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildən başlamışdır. 2 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Ölkəmizin tarixən etnik, dini və mədəni tellərlə bağlı olduğu İraq Respublikası ilə münasibətlərdə son zamanlar müsbət irəliləyiş mövcuddur. Bu irəliləyiş özünü 20 noyabr tarixində İraq Prezidenti Əbdüllətif Cəmal Rəşidin Azərbaycana ilk rəsmi səfəri və səfər zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərdə göstərdi. Hesab edirəm bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq".

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması mərasimi keçirilib. Hər iki tərəfi təmsil edən qurumlar – sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanmışdır ki, bu da, ölkələrarası münasibətlərin inkişafına xitmət edir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, və “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanmışdır. Deputat qeyd edib ki, Prezident İlham Əliyev cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib: «Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.» Öz növbəsində İraq Prezident Əbdüllətif Camal Rəşid də bildirib ki, düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin, iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik.

K.Bayramov əlavə edib ki, artıq, Azərbaycan özünün ərazi bütövlüyünü, sərhəd bütövlüyünü və bütün ərazilərində Konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb. Əslində yeni geosiyasi reallıq Cənubi Qafqazda sağlam marağı olan güclər üçün yeni imkanlar deməkdir, lakin, görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə baxmır. Ermənistan özü başa düşməlidir ki, Qərbin, xüsusilə Fransanın siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla əslində elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir. Görüş zamanı dövlət başçımız Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından söhbət açaraq bildirib ki, Azərbaycan öz suverenliyini bərpa edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Dövlətimizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmamalıdır.»