22 noyabr 2023 16:45
253

Qərbin “sülh göyərçini” olmaq iddiası dəfn oldu

“Böyük dövlətlərin dünyaya ölkələri arasında münasibətlərdə diqtə etdiyi mühit səbəbindən vəziyyət həddindən artıq gərginləşib. Dünyanın bütün nöqtələrində baş verən qarşıdurmaların, bütün məhəlli münaqişələrin altında Qərb ölkələrinin imzası görünür. İlk baxışdan isə elə görünür ki, guya Avropa və ABŞ-ın hərəkətlərində sülsevərlik, ya da buna yönəlik təşəbbüsləri var. Əlbəttə, bu, aldadıcı görüntülərdir. Qərb ölkələrinin əsas niyyəti suyu bulandırmaq, dövlətləri bir-birinə saldırmaq və bu vəziyyətdən öz xeyirinə istifadə etmək”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili diqqəti dünyanın ən qaynar nöqtələri olan Ukrayna və Yaxın Şərqə yönəldib: “Bu yaxınlarda Rusiya prezidenti Putin gözlənilməz açıqlama ilə gündəmə gəldi. Bildirdi ki, “mən Ukrayna ilə müharibə aparacağımıza qəti inanmazdım”. Bu fikirlər təsadüfi səslənmədi. Hətta Putin vəziyyətin bu hala gələ biləcəyini təsəvvür etmirdi. Qərb dairələri iki qardaş xalq arasında münaqişə və qanlı müharibəni alovlandıra bildi, bunu onlar bacardılar. Artıq hər iki dövlət çıxılmaz durumdadır. Nə müharibəni dayandıra, nə də davam etdirə bilmirlər. Yaxın Şərqdə də minlərlə dinc sakinin qətlə yetirilməsində qeyri-regional dövlətlərin, daha çox isə Avropa və ABŞ-ın əli var.

Ermənistanla Azərbaycan arasında 30 ildən artıq davam edən müharibə artıq sona çatıb. İri dövlətlərin “səyi” nəticəsində münaqişə bitmək bilmirdi, onlar çalışırdılar ki, münaqişəni dondursunlar, daha doğrusu həll edilməmiş qalsın. Çünki belə bir şəraitdə tərəflərə təsir etmək də asanlaşır. Azərbaycanı ram etmək Qərb dairələrinin bir nömrəli vəzifəsi idi. Amma Azərbaycan Ordusu onların arzusunu 44 gün davam edən müharibədə əldə etdiyi qələbə ilə dəfn etdi. Bu gün Azərbaycan Ermənistana sülh təklifi edir. Maraqlıdır ki, indiyədək özünü “sülh göyərçini” kimi təqdim edən Qərb buna razı deyil. Ermənistanı hər vəchlə prosesdən uzaqlaşdırmağa, yeni müharibəyə başlamağa sövq edir. Amma regionda gedən proseslərə müdaxiləsi azaldıqca Qərbin səs tempi də öləziyir”.