23 noyabr 2023 00:57
278

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı. Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Ağdam rayonunda hərbi əməliyyat keçirmədən Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi, bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu gün – Ağdam şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.

Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə Ermənistan üzərində qələbə qazandı. Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində, imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Ağdam qədim insan məskənlərindən olmuşdur. Alimlər Üzərliktəpəni Qafqazda ilk şəhər tipli yaşayış məskəni hedab edirlər. Alban tayfalarından olan Qarqarlar Ağdamda Qarqarcay boyunca məskən salmışlar. Üzərliktəpə, Qutlu, Musaoğlu künbəzi, Papravənd kəndindəki türbələr, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti, (XVIII) Şahbulaq qalası, Ağdamın tarixi abidələrindəndir. Ağdam bir çox fərqli memarlıq abidələrinin yerləşdiyi qədim diyarımızdır. Öz fərqli memarlığı ilə seçilən cay evi də bunlardan biridir. Onun baş memarı Natiq Səmədov bu qeyri-adi abidəni dəmir instruksiyalardan inşa etmişdir. Bu gözəl tikili də erməni vandallarının işğal zamanı yandırıb məhv etdiyi abidələr sırasındadır. Ağdamın gözəlliyinə tövhə verən daha bir memariyyə Ağdamın çörək muzeyidir. 

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi quruculuğun baş meydanına çevrilib. Üç il öncə Prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağımızı ucaltdı, Cümə məscidini ziyarət etdi. Onun dediyi fikirləri ictimaiyyət tarixi Zəfərin davamı bildi:  “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəti­cə­sində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Beləliklə, bu gün Ağdam şəhəri öz şərəfli inkişaf dövrünü yaşayır. Bu inkişaf Qarabağ iqtisadi zonası ilə yanaşı olaraq, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına öz faydasını verəcəkdir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsuləməkdaşı