22 noyabr 2023 11:54
247

YAP müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “91-lər”in Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı  “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında yer alan bu fikirləri yada salmaq istərdik:  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

Bu inamın, etimadın  ifadə edildiyi zamandan 31 il keçir. Partiya bu illər ərzində böyük inkişaf yolu keçərək cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Yeni Azərbaycan  Partiyasının II qurultayında  « Biz partiyanı yaradarkən heç də düşünmürdük ki,  qısa müddətdən sonra hakimiyyətə gələcəyik» söyləyən Ulu Öndər onu da bildirmişdir ki,  partiyanın yaranması o dövrdə  xaos içərisində qalan ölkəmizin düşdüyü vəziyyətdən çıxması yollarını axtaranların istək və arzulardan yaranan ictimai zərurət idi. Ona görə də qısa bir zamanda böyük nüfuz qazanan partiya böyüdü və sıraları genişləndi.  Yarandığı gündən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilən partiyanın sadiq insanlar hesabına möhkəmlənməsini qarşıya məqsəd qoyan Ümummilli Lider  Heydər Əliyevin «Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidir, öz könlü ilə  gəlməlidir. Bilməlidir ki, bu partiya onun bütün arzu və istəklərinə  cavab verən partiyadır» sözləri bu gün də milyonların partiyası olan YAP-ın əsas ideyalarındandır.

    Yeni Azərbaycan Partiyası sıralarında  bütün təbəqələrdən olan insanları birləşdirdi, onların arzu və istəklərini reallığa çevirir. Yarandığı gündən partiyanın əsas hədəfi güclü dövlət, yüksək rifahdır. Partiyanın hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərarı məhz bu məqsədə xidmət edir.

   YAP yeniliyə, təkmilləşməyə maraq göstərən və bunu fəaliyyəti ilə təsdiqləyən partiyadır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, partiyanın üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Gənclərin ictimai-siyasi fəallıqlarının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi əsas hədəflər sırasındadır. Ümummilli Lider Heydər Əliyev partiyada gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirmişdir. Bu mühüm çağırış da səsləndirilmişdir ki, Azərbaycan gəncliyi müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, ölkəmizin bugünkü inkişaf səviyyəsinə gəlib çıxması üçün dolğun məlumata malik olmalıdır. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqlarına söykənərək keçirilən partiyanın VII qurultayında Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını, həmin dövrün reallıqlarını geniş təhlil edərək bu çağırışı diqqətə çatdırdı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.” Dövlət başçısı, eyni zamanda bildirmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.

Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək yeni Proqramını işləyib hazırlayan və 2021-ci ilin sonunda  təsdiqləyən Yeni Azərbaycan Partiyası dövrün tələbinə uyğun olaraq “Biz birlikdə güclüyük!” deyir. Təbii ki, bu birliyimiz, həmrəyliyimiz qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağımıza əsas verir. YAP daim monolit partiya kimi nüfuz qazanıb.

İllər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının, Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvünün həyat amalına çevrilib. “Biz birlikdə güclüyük!” çağırışını edən YAP azərbaycançılıq ideyası ətrafında sıx birlik fonunda yeni-yeni hədəflərə doğru inamla addmlayır.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi