22 noyabr 2023 00:24
288

İstəmədən etiraf...

Künc zərbəsi

Ermənipərəst Qərbi müdafiə etmək istəyən Fuad Qəhrəmanlı “qaş düzəltdiyi” yerdə necə “vurub göz çıxarır”?

Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək, Ermənistanı silahlandırmaq və açıq şəkildə müdafiə etmək cəhdlərinə Azərbaycanın radikal müxalifətinin haqq qazandırması yeni bir şey olmadığı üçün təəccüb doğurmur. Çünki ölkəmizə qarşı təzyiqlərin artması, məkrli planların praktik addımlarla əvəzlənməsi ilə təxminən eyni vaxtdan başlayaraq başda AXCP sədri Əli Kərimli olmaqla bütün komandası Qərbin ruporuna çevrilib. Məqsəd bəlli olduğu kimi, sifarişin də haradan gəldiyi məlumdur. Ancaq ABŞ və Avropanın böyük oyunlarının kiçik oyuncaqları öz missiyalarını layiqincə yerinə yetirmək naminə hərdən elə ifrata varırlar ki, istəmədən də olsa siyasi səhvlərə yol verir, öz himayədarlarını ifşa etmiş olurlar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı kimi...

Qəhrəmanlı yazır ki, bir günlük antiterror tədbirlərindən dərhal sonra Qərb tərəfindən Azərbaycan və Ermənistan arasında danışıqları davam etdirmək və sülh müqaviləsi bağlamaq təklif olunub. Ancaq Azərbaycanın ilk vaxtlar bu danışıqlara qatılmaqdan imtinasından sonra ilkin xəbərdarlıq sənədi kimi Avropa Parlamentinin məlum haqsız qətnaməsi qəbul edilib. Yəni, AXCP sədrinin müavini etiraf edir ki, Qərb müstəqil siyasət yürütdüyü üçün əvvəlcə Azərbaycana təzyiq göstərməyə çalışır. Bu təzyiq işə yaramadıqda isə ədalətsiz qərarlar qəbul edir.

Yaxşı, axı, elə Qəhrəmanlı da daxil olmaqla radikal müxalifətin bütün nümayəndələri “salam”dan qabaq Qərb “demokratiyasından”, “insan haqlarından” dəm vururdular. Axı, həmin Qərb Azərbaycana nəyisə diktə etmək haqqını haradan, kimdən alıb? Cənubi Qafqazda sülh, stabillik Qərbi bu qədər maraqlandırırdısa niyə otuz il ərzində Ermənistana təzyiq göstərmirdilər ki, işğal etdiyin Azərbaycan torpaqlarını azad et, sülh müqaviləsi bağla?

Fuad Qəhrəmanlının istəmədən göstərdiyi bu həqiqət bizə çoxdan bəllidir, ABŞ-ın və ökeanın o tayından idarə edilən əksər Avropa ölkələrinin “ədalət” anlayışından yaxşı məlumatımız var. O da məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi gündən indiyə qədər üzləşdiyi əksər siyasi problemlərin, hətta hərbi təcavüzün köklərindən biri və ya bir neçəsi Qərbə bağlı olub. Onlar üçün “ədalət”, “demokratiya”, insan haqları” sadəcə öz maraqlarını təmin etmək üçün təsir və təzyiq vasitəsidir.

AXCP sədrinin müavini yazır ki, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Qarabağ məsələsinin həllindən sonra Azərbaycanla Ermənistan arasında  danışıqların davam etməsinə və tezliklə sülh müqaviləsinin imzalanmasına çalışdığı bir vaxtda Bakı açıq-aşkar bu istəyə qarşı çıxmağa başladı. Burada bir iftira və yenə bir Qərbi ifşa edən məqam var. Əvvəla, Azərbaycan həmişə sülhün tərəfdarı qismində çıxış edib və Ermənistandan fərqli olaraq sülh çağırışlarına daha konstruktiv yanaşma nümayiş etdirib. Bu gün regionda baş verən proseslər sülh danışıqlarındakı problemin başda ermənipərəst Fransa olmaqla Qərbdən qaynaqlandığını göstərir. Biz uzun illər boyu işğaldan əziyyət çəkmiş tərəf olaraq, təbii ki, sülh istəyirik. Ancaq mütləq və mütləq bu sülh ədalətli olmalıdır, Ermənistanın maraqlarına cavab verən yox.

İkincisi, Qəhrəmanlı Qərbin Azərbaycandan Rusiya ilə qarşıdurmasında tərəf kimi istifadə etməyə çalışdığını etiraf edir. Halbuki, Azərbaycan məhz Ermənistandan fərqli olaraq güc mərkəzlərinin maraqlarının toqquşduğu poliqona çevrilməmək naminə müstəqil siyasi kurs yürütməkdədir.   

Görün, Qərb nə gündədirsə onu “qaş düzəltmək istədiyi yerdə vurub göz çıxaran” fuad qəhrəmanlılar müdafiə edir. Necə deyərlər, axsaq atın kor nalbəndi...

Mahir Rəsuloğlu, “İki sahil”