21 noyabr 2023 14:14
192

Qədim yaşayış məskənimiz - Kəlbəcər

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi  qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və türk dillərindəki cər (qaya ,yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. 4 milyon ildən artıq tarixə malikdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki,ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.   Burada daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdə isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ-3724 m,Dəlidağ-3616m –dir.Ərazisinin çox hissəsi meşəlikdir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993- cü il Aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələrinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına başlanılmışdır. Prezident İlham Əliyev mayın-27 də azad olunmuş Kəlbəcər rayonuna səfər edib. Dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC- nin “Qamışlı”və “Meydan” Kiçik su elektrik stansiyalarının açılışında iştirak edib.

Yanşaq kəndində 421 ailə, Zallar kəndində 487-ailə yaşayacaq. İlk yaşayış  məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə  4 mərtəbəli-3 və 2 mərtəbəli-10 yaşayış binasının inşası nəzərdə tutulur.Burada 112 mənzildə, 460 nəfərdən çox sakin yaşayacaq.

Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri, orada aparılan quruculuq-bərpa işlərinin həyata keçirilməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. 

Aidə İsmayılova,
Xətai rayonu, Murad Hacıyev adına 116 saylı tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının “"Cavansir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü