22 noyabr 2023 02:57
282

Sizin təcrübənizdən faydalanmağa hazırıq!

Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin bu sözləri siyasi, iqtisadi, diplomatik uğurları ilə dünyada tanınan Azərbaycana maraqdan qaynaqlanır

Hər ikisi müsəlman ölkəsi olan Azərbaycanla İraq Respublikası arasında illərdən bəri davam edən dostluq münasibətləri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirən hər iki dövləti təmsil edən mütəxəssislərin birgə fəaliyyəti münasibətləri daha da möhkəmləndirmişdir. İraqda neft sənayesi sahəsində çalışan azərbaycanlı mütəxəssislərin dost yardımı, Azərbaycanla İraq arasında iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında sənədlərin imzalanması ölkələrimizin tərəqqisinə önəmli töhfələr vermişdir.

Noyabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Prezident İlham Əliyevlə geniş tərkibdə və təkbətək görüşlərində qarşılıqlı əlaqələrin tarixi əhəmiyyətindən danışılmış, ticarət, iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Görüşlərin nəticələrini mətbuata bəyanatlarında açıqlayan, qarşılıqlı etimada əsaslanan Azərbaycan- İraq münasibətlərini yüksək dəyərləndirən dövlət başçıları bu səfəri, ikitərəfli əlaqələri çox əlamətdar hadisə adlandırmışlar.

İraqlı həmkarı Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi səfərini tarixi hadisə adlandıran Prezident İlham Əliyev bu görüşü hər iki ölkənin siyasi, iqtisadi, ticari əməkdaşlığına böyük töhfələr verəcəyini bildirmişdir.

Azərbaycana səfərindən məmnun qaldığını «Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq» sözləri ilə bildirən İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirmişdir ki, Azərbaycana bütün səfərlər səmərəli, qarşılıqlı etimad prinsiplərinə əsaslanır və maraqlı tərəflərə uğur gətirir. Diplomatik əlaqələrin tarixində ilk olan bu rəsmi səfərin də tərəflər üçün faydalı olacağı vurğulanmışdır.

Dövlət başçıları arasındakı görüşlər, müzakirə olunan məsələlər barədə mətbuata bəyanatlarında məlumat verən dövlət başçıları qeyd etmişlər ki, gələcək əməkdaşlığımız üçün əsas istiqamətlər müəyyənləşdirildi. Vurğulandı ki, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyən Azərbaycan kimi İraq da dövlətlərin ərazi bütövlüyünün tanınmasında eyni mövqe göstərirlər.

İraq Prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyini bildirən cənab İlham Əliyev açıqlamasında Cənubi Qafqazda mövcud olan hazırkı vəziyyətdən, Hayastanın Azərbaycana qarşı təcavüzündən, işğalçı dövlətin etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımızın üzləşdikləri dəhşətlərdən, bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ətraf rayonlardan zorla qovulmasından, ölkəmizə qarşı ikili standartlarla yanaşmanını haqq işimizə verdiyi zərərlərdən, artıq tarixin arxivinə atılmış ATƏT-tn Minsk qrupunun səmərəsiz fəaliyyətindən ətraflı bəhs etdi : «Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.» Vurğulandı ki, İkinci Qarabağ müharibəsini uğurla başa çatdıraraq torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycanın son üç ildə də sülh sazişinin imzalanması istiqamətində bütün vasitələrdən istifadə etməsinə baxmayaraq işğalçı Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir.

Vətən müharibəsindən sonrakı 3 ildə belə Qərbdəki havadarlarına qulaq asan Ermənistan imzalanmış bəyanatlarda göstərilən şərtlərə əməl etmir. Azərbaycanın ərazilərində yerləşən qanunsuz silahlı birləşmələrini ölkəmizdən çıxarmaq istəmirdi. «Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır» sözləri ilə erməni havadarlarının ölkəmizə qarşı qərəzli təbliğatlarının heç bir əsası olmadığını diqqətə çatdıran dövlət başçımız İlham Əliyev iraqlı həmkarına Azərbaycanın Ermənistana sülh sazişinin şərtləri ilə bağlı təklifinin hələ də cavabsız qaldığını xatırlatdı. Bölgədə gərginliyi artıran, marionet dövlət olan Ermənistanı silahlandıran Amerika Birləşmiş Ştatlarının, Fransanın Cənubi Qafqazdakı destruktiv rolunu təhlükə mənbəyi adlandırdı. Azərbaycan rəsmi olaraq dəfələrlə bildirib ki, bizə müharibə lazım deyil. Ermənistanı növbəti müharibəyə şirnikləndirən havadarlarının niyyətləri ən çox işğalçıya zərər verəcək. Buna görə də Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalı, qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalı çağırışlarından uzaqlaşmalıdır. Azərbaycanın sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan siyasətinin qalib gələcəyini inamla vurğulayan Prezident İlham Əliyev ölkəmizlə İraq arasındakı iqtisadi, diplomatik, enerji, ticari əlaqələrin yeni istiqamətlər üzrə davamının bölgə dövlətləri üçün də səmərəli olacağını diqqətə çatdırdı. Qeyd edildi ki, prioritet olan müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarının genişlənməsi iki dövlətin iqtisadiyyatına töfhələr verəcək. Hər iki ölkənin paytaxtları arasındakı birinci hava reysinin davamlı olacağını, Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa təyyarə uçuşlarının açılacağı diqqətə çatdırıldı. Vizaların verilməsi prosesinin sadələşdrilməsinin turizmin inkişafına böyük təkan verəcəyi vurğulandı.

Prezident Əbdüllətif Camal Rəşid uzun müddət diktatorluq dövründə yaşayan, icmalarla hökumət arasında toqquşmalara səbəb olan tarixi hadisələri diqqətə çatdıraraq ölkəsinin işğalına səbəb olan haqsızlıqlardan, məruz qaldıqları terrorlardan bəhs edərək vurğuladı ki, artıq İraq hüquqi dövlət kimi beynəlxalq aləmdə tanınır. «İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var» söyləyən İraq Prezidenti vurğuladı ki, artıq formalaşan ölkənin daxili və xarici siyasəti, əhalinin istəklərini təmin edən sosial islahatlar, qəbul olunan qərarlar ölkədə yaşayan müxtəlif millətlərin, dinlərin, siyasi partiyaların dialoqu qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Hər bir iraqlı ölkənin inkişafına öz töhfəsini verir. Münaqişələr, müharibələr dövründə sıradan çıxan bütün infrastruktur bərpa edilir, yenilənir. Ölkə üzrə neft hasilatı artır, kənd təsərrüfatı zəngin su mənbələri hesabına inkişaf edir. «Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanmağa hazırıq» söyləyən İraq Prezidenti səfər zamanı imzalanan sənədləri dövlətlərarası əməkdaşlığı yeni keyfiyyət baxımından gücləndirəcək önəmli işbirliyi kimi dəyərləndirdi.

Xuraman İsmayılqızı, «İki sahil»