21 noyabr 2023 17:53
311

Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Yeni Azərbaycan Partiyası 31 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edərək, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilmişdir.  31-ci ildönümünü  qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında müstəsna rolu vardır. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji amillər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur.

O zaman Naxçıvandan başlanan müstəqilliyimizin qorunması və əsaslı şəkildə bu yolda mühüm işlərin görülməsində Ulu Öndər fədakarcasına xalqımıza arxalanaraq yenidən fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, Ulu Öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyasının siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Ən önəmli məqamlardan biri də budur ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Hazırda  Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 700 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. 2021-ci  ilin mart ayında keçirilən VII Qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bütövlükdə isə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və cənab Prezident, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da  artmışdır.  Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 31 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, Yeni Azərbaycan Partiyası qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri