20 noyabr 2023 15:11
169

Ağdam yenidən qurulur

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. “Ağdam” sözün etimologiyası qədim türk dilində “kiçik qala” deməkdir. Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

İşğal nəticəsində rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmiş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağımızı ucaltdı, Cümə məscidini ziyarət etdi. Onun dediyi fikirləri ictimaiyyət tarixi Zəfərin davamı bildi:  “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəti­cə­sində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.

Zemfira Şərifova ,
Bakı şəhəri, Xətai rayonu 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Mədinə Gülgün küçəsi 1" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü