20 noyabr 2023 15:28
461

Hərbi-siyasi və diplomatik müstəvidə qazanılan qələbə

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun ard-arda qazandığı qələbələr nəhayət, yağı düşməni təslim olmağa məcbur etdi. Dəmir Yumruq düşmənə elə sarsıdıcı zərbələr endirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müqavimət göstərməyin lüzumsuzluğunu anladı və 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını imzalayaraq təslim oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə 30 illik işğala və ölkəmizə qarşı tarixi ədalətsizliyə son qoymuş oldu. Hərbi əməliyyatların dayandırılması çoxsaylı itkilərin qarşısını almış oldu. Eyni zamanda 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın həm siyasi, diplomatik uğurlarının əsası qoyulmuş oldu, həm də Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin döyüşsüz Azərbaycana qaytarılması öhdəliyini Ermənistan rəsmi olaraq öz üzərinə götürdü. Hərbi müstəvidə ölkəmizin qazandığı uğurlar diplomatik uğurlarımızla tamamlanmış oldu.

Ağdam şəhərinin və ona yaxın kəndlərin döyüşsüz Azərbaycana qaytarılması əlamətdar hadisə idi. Nəzərə almaq lazımdır ki, qəddar və amansız düşmən Ağdamın az qala hər qarış torpağına mina basdırmışdı. Düşmənin mina terroru itkilərimizin sayını artıra bilərdi. Ölkə başçımız Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət sayəsində Azərbaycan Ordusu heç bir itki vermədən Ağdam şəhərinə daxil oldu. Bununla da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda mühüm əhəmiyyətə malik şəhərlərindən biri olan Ağdam azad edildi. Cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. 44 günlük Vətən müharibəsi ölkəmizin parlaq Zəfəri ilə bitdikdən sonra,  Ağdam istiqamətində gedən döyüşlərdə fərqlənən Azərbaycan əsgərləri “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildilər.

Böyük tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Qarabağda və Şərqi Zəngəzurda xeyli işlər görülmüş və hal-hazırda da görülməkdədir. Lakin daha böyük işlərin icrası da qarşıda bizi gözləyir. Bütün Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızın bərpasında öz liderinin, Cənab prezident İlham Əliyevin yanındadır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrasturuktur layihələr hər bir soydaşımızı ürəkdən sevindirir və qürurlandırır.

Düşmən işğalından azad edilmiş şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı dövlətimizin və dövlət başçımızın daim diqqətində olan məsələdir.

Dövlət başçımız hələ 23 noyabr 2020-ci ildə azad edilmiş Ağdama ilk səfərində şəhərdə Dövlət Bayrağının ucaldılması ilə bağlı tapşırıq vermiş və düşmən tərəfindən dağıdılmış Cümə məscidini ziyarət etmişdi. Cənab İlham Əliyev müxtəlif vaxtlarda Ağdama reallaşan səfərlərində Bərdə-Ağdam yolunun, Zəfər muzeyinin, açıq hava altında İşğal muzeyinin, “Park Forest Otel Ağdam” mehmanxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və s. kimi mühüm obyektlərin təməlqoyma mərasimlərində yaxından iştirak etmişdir. Baş Plana əsasən yüz min əhaliyə malik çox gözəl, müasir şəhər olacaq Ağdam daim xalqımızın qələbə və qürur rəmzi olacaq.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi